Teleaparıcı Hüsniyə Məhərrəmova: “İclaslarda deyirdilər ki, bu qızı çərçivəyə salmaq lazımdır”

Teleaparıcı Hüsniyə Məhərrəmova: “İclaslarda deyirdilər ki, bu qızı çərçivəyə salmaq lazımdır”
14:39 16 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

2005-ci ildən televiziyada çalışıram. Bu sənətə gəlişim təsadüfi olub. Dostum kastinqə gedəndə məni də apardı. Onu yox, məni seçdilər. Əvvəlcə, Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum, aktyor olmaq istəyirdim. Sonra Bakı Musiqi Akademiyasında təhsil aldım, opera sənətinə yiyələnmək istəyirdim. Musiqi, şou sahəsində olduğum üçün əldə etdiyim biliklər mənə çox kömək edir”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, teleaparıcı Hüsniyə Məhərrəmova deyib.

 

Qonaq yeni vaxtlarda hər kəs tərəfindən qəbul olunmadığını etiraf edib: “İclaslarda deyirdilər ki, bu qızı çərçivəyə salmaq lazımdır. Rus dilində təhsil aldığım üçün danışığımda qüsurlar var idi, indi də var. İndiyə qədər nitqində qüsur olan aparıcıların siyahısı çıxanda öz adımı axtarıram. Hələ ki, tapmamışam. Saçıma irad bildirəndə mənə qəribə gəlirdi.  Deyirdim ki, saç o qədər də vacib deyil, televiziyada başqa amillər daha vacibdir. O saç mənə çox kömək etdi. Diqqəti cəlb etdim. Əslində, gənclər tərəfindən daha tez qəbul olundum. Hazırda belə xarici vətəndaşlar nadir hallarda bizim verilişlərə baxırlar. Amma mən xarici vətəndaşların diqqətini cəlb edə bilmişdim. Sırf Azərbaycan mentaliteti ilə yaşayan insanlara yaxın aparıcı deyiləm. Belə hiss edirəm və bu normaldır”.

 

H.Məhərrəmova bu gün intellektual insanların televiziyaya baxmamasının səbəblərini açıqlayıb: “Mən bugünkü Azərbaycan televiziyasından çox narazıyam. Yəqin ki, bu məsələdə hamımızın günahı var. Bunu dəyişmək isə çox çətindir. Qeyri-adi şoular var, amma onlar da bir müddət sonra adiləşir. Əsas məsələ keyfiyyətli məhsul hazırlamaqdır. Bayağı, qurşaqdan aşağı yumordan uzaq durmaq lazımdır. Tamaşaçı nə istəyirsə, biz də onu veririk. Əslində, tamaşaçının zövqünü biz formalaşdırmalıyıq. Amma biz bu gün tamaşaçının ardınca gedirik. İntellektual, çox kitab oxuyan insanların əksəriyyəti televiziyaya baxmadığını deyir, çünki onların marağını cəlb edəcək verilişlər azdır. Olanlar da darıxdırıcıdır. Heç kimin 1-2 saatlıq verilişə baxmağa səbri çatmır. Dinamiklik olmalıdır”.

 

Teleaparıcı kadr seçimi məsələsinə də toxunub: “Mən televiziya rəhbəri olsaydım, 90% işçiləri dəyişərdim. Çünki televiziyada işləyənlərin əksəriyyətinin televiziyadan anlayışı yoxdur. Kadrların xaricdə təlim keçməsi yaxşı olardı. Bu o qədər də çətin deyil, amma tanıdığım aparıcıların çoxunun belə istəyi yoxdur. Kanallar da bu işdə maraqlı olmalıdır. Özəl telekanallar öz hesabına çalışırlar, amma dövlət hesabına maliyyələşən kanallar var ki, bir çox işlər görə bilərlər”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR