Torpaq mülkiyyətçiləri mədəni əkinlərdə inteqrir mübarizə tədbirləri barədə məlumatlandırılıb

Torpaq mülkiyyətçiləri mədəni əkinlərdə inteqrir mübarizə tədbirləri barədə məlumatlandırılıb
15:03 16 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın mədəni əkinlərində inteqrir mühafizəsi sisteminin təkmilləşdirilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi vəziyyəti ilə bağlı məsələlər dekabrın 16-da Şəkidə keçirilən IV regional müşavirədə geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin təşkilatçılığı ilə keçirilən müşavirədə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və Yevlax rayonlarının bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin əməkdaşları, bələdiyyə və icra orqanlarının nümayəndələri, torpaq mülkiyyətçiləri, fermerlər iştirak ediblər.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev açaraq, müşavirənin bölgədə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin çevikliyinin və səmərəliliyinin artırılmasında, məhsuldarlığın yüksəldilməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək, aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib. Qurumun rəsmisi daha sonra “Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planı”nın icra vəziyyəti barədə məlumat verib.
Müşavirədə, həmçinin “Dənli taxıl bitkilərinin əkinlərində inteqrir mübarizə tədbirləri”, “Respublika ərazisində tikanlı quşüzümünün yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış payızlıq taxıl əkinlərində inteqrir mübarizənin texnoloji xəritəsi, daxili karantin obyektləri olan tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılıb.
Sonda tədbir iştirakçıları Şəki-Zaqatala bölgəsində siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış olublar.
Müşavirə iştirakçıları kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Torpaq_mulkiyyetchileri_medeni_ekinlerde_inteqrir_mubarize_tedbirleri_barede_melumatlandirilib-911698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR