Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Baltik sahillərində Azərbaycan rüzgarı, “belaruslu” Salatın müəllimə, dost Moldova - REPORTAJ

Baltik sahillərində Azərbaycan rüzgarı,  “belaruslu” Salatın müəllimə, dost Moldova - REPORTAJ

Date: 16 December 2015 15:49

Əməkdaşımız keçmiş SSRİ-nin 4 respublikasında oldu

 

...- Buna da inanmırsınızmı?

 

- Bilmək olmaz... Bəlkə saxtadır...

 

- Məhz bu pasportla sizin Azərbaycandakı səfirlik mənə viza verib. Bəlkə bu qədər süründürməçiliyin səbəbini açıqlayasınız?

 

- Bu bizim işimizdir, biz bilərik, - deyib, pasportumu üstümə tulladı. Bu dəfə Avropaya giriş, daha doğrusu qarşılanma heç Avropasayağı olmadı...

Riqa (Latviya) aeroportunda qeyri-ittifaq vətəndaşlarının uzun-uzadı, nümayişkaranə formada kobud yoxlanışı, yersiz-sorğu sual, ən əsası həmin an hava limanındakı sərhədi keçid məntəqəsində növbə gözləyən təxminən 100-ə yaxın müxtəlif millətin nümayəndələri arasında mən qarışıq 5 azərbaycanlının özəl yoxlanışı isə gözlənilməz oldu. Azərbaycanlıları isə sonacan gecikdirdilər. Pasportlarımızın saxta olma ehtimalını bildirib tək-tək xüsusi yoxlanışdan keçirdilər...

 

***

 

Səfərimiz “APA Holding”in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlərdən ibarət idi.

 

...Latviyada azərbaycanlı gənclər demək olar ki, yeni bir sistem qurublar. Ağlagəlməz olduğu halda, həm də çox sadə. Buna yenilik də demək olar. Belə ki, təkcə Riqanın müxtəlif yerlərində azərbaycanlı gənclər tərəfindən işlədilən kafe, karaoke klub və çay evlərinə rast gəlmək olur. İlk anda buna adi ticarət məşğul olan azərbaycanlılar kimi yanaşmaq mümkündür. Amma Avropanın olduqca diqqət çəkən paytaxtlarından birində, həm də sistematik formada çalışdırılan bu iaşə mərkəzləri təkcə xidmətlə kifayətlənmir... Həmin obyektlərdə mətbəximizin timsalında şərq təamlarını dadmağa axışan avropalı müştərilərə Azərbaycan mədəniyyəti, uzaq və yaxın tarixində baş verənlər və xüsusilə də ölkəmizin maraqlı, görməli yerləri barədə foto, video məlumatlar nümayiş olunur. Bundan başqa, yerli və Avropanın digər ölkələrindən olan millətlərin gəncləri ilə bu obyektlərdə istər əyləncə, istərsə də diskusiyalar üçün toplaşmaq o qədər ənənəvi hal alıb ki, artıq bu məkanlar maliyyə cəhətdən müştəri problemi də yaşamır.

Bir sözlə, Riqadakı azərbaycanlılar avropalıların çox rahat “damarını tutub” demək, yerinə düşər.

Latviyada azərbaycanlıların təşkilatlanmasında, sistemləşməsində ən fəal lider Amil Səlimovdur. Riqada olduğum qısa vaxt ərzində yəhudi icmasından tutmuş rəsmi dairələrə qədər operativ görüşlər məhz onun sayəsində baş tutdu. Yeri gəlmişkən, rəsmi olaraq Şimali Avropada ikinci ən böyük yəhudi təşkilatı olan Latviya Yəhudi Cəmiyyətinin icraçı direktoru Gita Umanovska deyir ki,  məhz bu əlaqələr sayəsində onlar daha çox azərbaycanlılarla işləyirlər.

 “Latviyada yəhudi lobbisinin ən sıx əməkdaşlıq etdiyi təşkilatlar Azərbaycan təşkilatlarıdır. Erməni diasporu ilə bizim əlaqəmiz yoxdur. Onlarla heç bir ortaq işimiz olmur. Çünki onlarla alınmır. Amma əksər tədbirləri, təbliğat və informasiya işini Azərbaycan diasporu ilə birgə görürük” .

Bundan başqa Asif, Famil, Seyhun, Aynur və digər azərbaycanlı gənclər yuxarıda qeyd etdiyim kafe və klub şəbəkələşməsində ən aktiv rol alanlardır.

Bu ölkədə azərbaycanlıların yüksək post tutması artıq təbii hal alıb. Roman Naudinş (İbrahimov), Vüqar Ecmanis kimi azərbaycanlı deputatlar kifayət qədər söz sahibidirlər.

 

***

 

 

Litva Baltikyanı ölkələrin həm ərazisinə, həm də əhalinin sayına görə ən kiçiyidir. Bu ölkədəki azərbaycanlı gənclərin isə özəlliyi ali məktəblər üzrə şəbəkələşməsidir. Bura daha bir nümunə var. Bir müddət öncəyədək buradakı azərbaycanlı gənclər təşkilatının sədri olan Samir Musayev, hazırda Azərbaycanın bu ölkədəki səfirliyinin konsulluq məsələləri üzrə katibidir.

Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə gənclər fəaliyyətinə də xüsusi önəm verir. Məsələn, səfirlikdə sırf gənclər üçün geniş bir ofis yaradılıb ki, burda daim onların toplantı məkanıdır.

Litvada daha çox azərbaycanlı gənclər təhsil arxasınca gəlib. Müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

Latviyadakı kimi burada da gənclərin çoxu yerli həmyaşıdları ilə, yerli təşkilatlarla yaxın ünsiyyətə önəm verirlər.

Bu ölkədə də bir neçə azərbaycanlı yerli orqanlarda, xüsusilə bələdiyyədə vəzifələr tutmağa başlayıb. Gənclər arasında gələcək parlament seçkilərinə hazırlaşanlar da var.

Tez-tez Vilnüs küçələrində Xocalı soyqırımı, Azərbaycana qarşı Ermənistanın təcavüzü ilə bağlı müxtəlif aksiyaların keçirilməsi, sərgilərin təşkili və sair məhz bu gənclərin sayəsində baş tutur.

Buradakı diaspor rəhbəri Mahir Həmzəyev ilə görüşmək imkanımız olmasa da, onun Litvadakı siyasi partiyalar arasında kifayət qədər nüfuza malik olduğunu eşitdik...

 

***

 

Belarus. Daha dəqiqi Minsk. Bura sanki nəinki Avropada, bütün dünyada hər məqamı ilə özəl olan bir “ada” təsirini bağışlayır. Bunu Minskə enən kimi hiss etmək mümkündü. Sərhəddən heç nəyin adamın barəsində özündən soruşmurlar, sənədlərindən və bir də sistemdən iki, bəzən də üç qat yoxlamaqla səni tanıyırlar... Bir kəlmə də sual verilmir. Bir fərq də var. Belarusa girən, mütləq tibbi sığorta arayışını sərhəddən əldə edib keçməlidir.

 

Belarus Azərbaycanla dost ölkədir. Bunu onların rəsmilərindən tutmuş, adi ticarətçisinin dilindən də eşitmək olar. Daha dəqiq səbəb kimi isə hər kəlmədə “Batka” adlandırdıqları prezident Aleksandr Lukaşenkonun bütün çıxışlarında Azərbaycanı Belarus üçün qardaş adlandırmasıdır.

Belarus kimi ölkədə diaspor olaraq fəal olmaq iki qat özəllik deməkdir. Belarus Azərbaycanlıları Konqresinin sədri Natiq Bağırov nəinki bu ölkədə azərbaycançılıq missiyasının fəal lideri kimi, eyni zamanda peşəkar idmançı kimi də məşhur simadır.

Belarus Pedaqoji Universitetində gənclərimiz tərəfindən Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb. Mərkəzin rəhbəri Salatın Mirzəyeva bu universitetin gənc azərbaycanlı müəlliməsidir. İşi də burada kurslar formasında Azərbaycan dili və ədəbiyyatından dərs deməkdir.

Burada çoxlu azərbaycanlı gənc oxuyur. Deyilənə görə, 200-ə yaxın azərbaycanlı gənc oxuyur burada. Əksəriyyəti də təhsilini Avropada davam etdirmək istəyir. Məsələn, Belarus Tibb Universitetində təhsil alan Həmid Yusifov artıq təhsilini davam etdirmək və çalışmaq üçün Almaniyanı seçib. Amma o lobbiçilik fəaliyyətinə indidən, oxuduğu universitetdən başlayıb...

 

 

***

 

Belarusdan sonra növbəti düşərgə salacağım ölkə Moldova oldu. Burada nə rəsmi dairələrdə, nə də seçkili orqanlarda azərbaycanlıların iştirakına rast gəlinmir. Paytaxt Kişineuda azərbaycanlıların fəaliyyəti və Azərbaycana qarşı münasibət yüksək səviyyədədir. Buna ən azı Moldova parlamentində, Xarici İşlər Nazirliyində və qeyri hökumət təşkilatlarında keçirdiyim görüşlərdə şahid oldum.

Yəni ayrı-ayrılıqda azərbaycanlıların missiyası bir təşkilatın gücünə bərabərdir. Məsələn, 25 ildir Moldovada yaşayan Fəxrəddin Əhmədov buna bir misal ola bilər...

Səfir Namiq Quliyevlə görüşdə “Niyə Moldovanın rəsmi dairələrində azərbaycanlıların gözə dəymir?” sualına isəo, belə cavab verdi: “Azərbaycanlıların özü bu məsələdə həvəsli deyillər”.

Mübariz Aslanov,  Bakı-Riqa-Vilnüs-Minsk-Kşinyov-Bakı.

 

 


Tags:  Baltik sahillərində Azərbaycan rüzgarı belaruslu Salatın müəllimə dost Moldova REPORTAJ


RƏYLƏR


Top news