Gələcəyin yazıçı və şairləri mükafatlandırılıb

Gələcəyin yazıçı və şairləri mükafatlandırılıb
16:23 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Sehrli Dünya” uşaq jurnalının birgə layihəsi olan nağıl, hekayə və şeir müsabiqəsinin yekun mərhələsi keçirilib.
AYB-dən AZƏRTAC-a bildirilib ki, 7-13 yaş qrupunda ədəbiyyatsevər uşaqların iştirak etdiyi bu müsabiqədə 37 uşağın yaradıcılıq nümunəsi qalib seçilib.
AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca müsabiqə qaliblərini və bütün iştirakçıları təbrik edib, onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb. O, uşaqları təbrik edərək deyib: “Əziz balalar! Siz bu gün oturduğunuz kürsülərdə bir vaxtlar sevimli yazıçı və şairlərimiz Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli əyləşib. İndi isə siz öz zəhmətinizlə, istedadınızla gəlib bura çıxmısınız. Bu çətin yolunuz açıq olsun, sizə uğurlu yol diləyirəm. Gün o gün olsun ki, siz Azərbaycanımızın tanınmış şair və yazıçıları olasınız”.
Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, birliyin katibi Xalq Yazıçısı Çingiz Abdullayev qaliblərə öz kitablarını da hədiyyə göndəriblər.
Müsabiqənin münsiflər heyətinin üzvləri Qəşəm Nəcəfzadə, Gülzar İbrahimova və başqaları uşaqlara uğurlar arzulayıblar.
Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Geleceyin_yazichi_ve_sairleri_mukafatlandirilib-911732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR