Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fövqəladə Hallar Nazirliyi fəaliyyətini daha da gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi fəaliyyətini daha da gücləndirəcək

Date: 16 December 2015 16:28

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclası keçirilib.

Trend-in məlumatına görə, tədbirin əvvəlində “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində həlak olanların və “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri Kryuçkov Vyaçeslav Sergeyeviçin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib.

K.Heydərov deyib ki, möhtərəm Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının yeni yaradılmış nazirliyin tərkibinə verilməsi dövlətimizin və xalqımızın əmlakının və həyatının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması, hadisələrin qarşısının alınması və nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılmasında, əhalinin təhlükəsizliyinin etibarlı təmin olunması sahəsində irəliyə doğru atılan mühüm addımlardan oldu: “Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən qarşımızda vətəndaşların təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi kimi çox ciddi vəzifə qoydu. Təbii ki, Fövqəladə Hallar Nazirliyinin yaxın və uzaq perspektivdə fəaliyyətinin düzgün qurulması üçün ilk növbədə təxirəsalınmaz tədbirlər planı hazırlandı və vahid strategiyanın yaradılması üzrə ən vacib istiqamətlər müəyyənləşdirildi".

Nazir bildirib ki, Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunmasını özünün ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyi formalaşarkən tabeliyinə verilən və yeni yaradılan qurumlarında işin daha səmərəli, operativ və çevik olması üçün islahatlara, quruculuq işlərinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilib: “Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakı şəhərində deyil, regionlarda yerləşən qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə 9 regional mərkəzin fəaliyyəti təmin edilib. Ayrılan büdcə vəsaiti hesabına nazirliyin demək olar ki, bütün qurumlarının istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir edilib, yeniləri tikilib istifadəyə verilib”.

K.Heydərov əlavə edib ki, bu gün Azərbaycanda müasir yanğınsöndürmə qurğularından istifadə edilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin nazirlik qarşısında qoyduğu ciddi tapşırıqlardan biri də belə idi: “Dünyada hansı qabaqcıl texnologiya varsa, o, Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir”. Ölkə başçısının xüsusi diqqət və qayğısının nəticəsi olaraq nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınları, hündürlük nərdivanları, yanğınsöndürənlər üçün xüsusi geyim dəstləri və mühafizə avadanlıqları, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən amfibiya tipli təyyarə, helikopterlər, xüsusi naviqasiya avadanlıqları istismara verilib. Fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitallar, mobil tibbi diaqnostika və təcili yardım avtomobilləri, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalarla təmin ediliblər. Xilasetmə işlərində xüsusi texnikalar, bomba zərərsizləşdirici sistemləri, motosikletlər, dənizdə xilasetmə əməliyyatları üçün sürətli və çoxfunksiyalı katerlər, xilasedici qayıqlar, axtarış gəmiləri, digər zəruri texniki vasitə və onlarla digər avadanlıqların gücündən iş prosesində istifadə edilib”.

K.Heydərov nazirliyin bundan sonra fəaliyyətini daha da gücləndirəcəyini diqqətə çatdırıb, FHN heyətinin daha diqqətli və məsuliyyətli olmasının vacibiyini diqqətə çatdırıb.

Tədbirdə Prezident İlham Əliyev tərəfindən təltif edilən FHN əməkdaşlarına diplom, orden və medallar təqdim edilib.

Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir ki, FHN 10 ildir vətəndaşların təhlükəsizliyinin keşiyində dayanır və yubileyini böyük sevinc, qürur hissi ilə qeyd edir: “Cənab Prezident, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətinizi yorulmadan davam etdirirsiniz. Fövqəladə Hallar Nazirliyinə diqqət və qayğı da bunun bariz göstəricisidir. 10 il ərzində əldə etdiyimiz hər bir uğur Sizin diqqət və qayğınıza dayanır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Fövqəladə Hallar Nazirliyi fəaliyyətini gücləndirəcək

RƏYLƏR


Top news