İslamda Feysbuk və Tvitter haramdırmı?

İslamda Feysbuk və Tvitter haramdırmı?
16:37 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Son günlər mediada Feysbuk, Tvitter və digər sosial şəbəkələrdən istifadənin İslam dininə görə haram olması fikri əsas müzakirə mövzularından birinə çevrilib. 

Təsadüfi deyil ki, bu məsələ İranın ali dini rəhbəri ayətullah Əli Xameneyinin yad kişi və qadınların internetdə bir-biriylə söhbətini qadağan edən xüsusi dini fərman imzalamasından gündəmə gəlib. Naməhrəm qadın və kişilərin internet vasitəsilə söhbətini əxlaqsızlıq hesab edən Xamneyi bununla bağlı öz saytında bəyanat verib.

Milli.Az bildirir ki, musavat.com-a açıqlamasında bu məsələ ilə bağlı mülahizələrini bölüşən ilahiyyatçı Bəhruz Camal bildirdi ki, sosial şəbəkələr və ümumilikdə internet məkanının haram olması barədə birmənalı fikir söyləmək olmaz: "İstər onlayn çatlar, istərsə də sosial şəbəkələr insanların informasiya mübadiləsi etməsinə və ünsiyyət saxlamasına xidmət edir. Əlbəttə, hər bir vasitədən sui-istifadə olunanda bu vasitələr artıq təyinatını dəyişir. Şəriət baxımından da sosial şəbəkələr və sair ümumi insanların istifadəsi üçün halal hesab olunsa da, bəzi sui-istifadə edən şəxslərə haram hesab oluna bilər. 

Biz əgər dünyanı iri bir kəndə bənzətsək, bu kəndlər arasında əlaqə internet üzərindən aparılır. Buna görə də, ümumilikdə interneti haram hesab etmək, "sosial şəbəkələr haramdır" - deyə hökm vermək düzgün deyil. Bu, heç bir məntiqə və şəriət qaydalarına sığa bilməz. Ancaq müəyyən ölkələrdə internetin haram elan edilməsinin səbəbi onun zərərinin faydasından daha çox olmasının düşünülməsidir. Ancaq bu, ümumi bir qayda deyil, fərdi məsələdir. Əgər kimsə Feysbuk, Tvitter və digər sosial şəbəkələrdən təyinatı üzrə istifadə edirsə, bu sosial şəbəkələr, onun üçün sırf informasiya mübadiləsi vasitəsidirsə, burada heç bir fəsadlı əməl yoxdursa, həmin şəxsə onu haram saymaq doğru olmaz. Ancaq bəzi insanlar var ki, onlar sosial şəbəkələrdən pis niyyətlə, fəsad məqsədilə istifadə edirlər. Buna porno saytları, çatlarda şəriətə zidd olan qadın-kişi ünsiyyətini və digər bu kimi əməlləri misal göstərmək olar. Belə olduğu halda həmin şəxsin internet məkanından, sosial şəbəkələrdən pis məqsədlər üçün istifadə etməsi caiz deyil".
 
İlahiyyatçının sözlərinə görə, internetdən pis məqsədlər üçün istifadə edənləri onu haram elan etməklə çəkindirmək mümkün deyil: "Burada ikinci bir məsələ odur ki, bu məsələlərin haram olması hər kəsə bəllidir. Həmin şəxs əgər dinin qaydalarına əməl etmək niyyətində olsaydı, bu əməllərdən də uzaq olardı. "Sosial şəbəkələrdən istifadə haramdır" deməklə həmin insanları bu əməllərdən çəkindirmək də mümkün deyil. Çünki, internet məkanı bu cür işlər üçün uyğun bir məkandır. Feysbuk-u haram edən bir fətva verilsə də, bu, haram işlər görən şəxsləri bu əməllərindən saxlamayacaq. Bu hökm fərdlərə görə dəyişir. Ümumilikdə, hər kəsə interneti, sosial şəbəkələri qadağan etmək olmaz. Lakin gəncləri, yeniyetmələri internetin zərərli təsirlərindən qorumaq üçün ailələri tərəfindən müəyyən məhdudiyyətlərin qoyulması ola bilər. Çünki, biz yeniyetmələr arasında internetin fəsadının faydasından daha artıq olduğunu bilirik".
 
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Mirəziz Seyidzadə də modern.az-a müsahibəsində naməhrəmlərin yazışmasının haram olduğunu təsdiqləyib: "Xameneyi düz deyib. O, Ali dini liderdir. O deyibsə, əxlaqsızlıqdır, deməli, əxlaqsızlıqdır. Ancaq işlə əlaqədar yazışmaq, məlumat axtarmaq olar. Bu, əxlaqsızlıq sayılmır. Bir də var, məhəbbət macərası... Bu, olmaz. Ümumiyyətlə, dində məhrəm və qeyri-məhrəm adamların sevgi, məhəbbət macərası mövzusunda bir-biriylə yazışması, danışması olmaz, bu, haramdır. Qaldı ki, qalan məsələlərə, əgər, işlə bağlıdırsa, bunun ziyanı yoxdur".

İlahiyyatçı hacı Şahin Həsənli isə bildirib ki, mövzu əxlaqa zidd deyilsə, o zaman ünsiyyət saxlamağın eyibi yoxdur: "İnsanların istər sosial şəbəkələrdə, istərsə də, canlı ünsiyyəti haqqında dində göstərişlər var. Yəni, naməhrəm kateqoriyasına aid olan insanlar var. Bir-birinə məhrəm olmayan kişi və qadının ünsiyyəti zərurətdən doğarsa və günaha səbəb olmazsa, icazə verilir. Əsas ünsiyyətin mövzusudur. Mövzu əxlaqa zidd olmazsa, insanı günaha təhrik etməzsə, o zaman ünsiyyət saxlamağın eyibi yoxdur. Zəruri həddə ünsiyyət saxlamağa icazə verilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR