“Dilqəm və Şahbazın saxlanma şəraitinin yaxşılaşdırılması üçün səy göstərilir”

“Dilqəm və Şahbazın saxlanma şəraitinin yaxşılaşdırılması üçün səy göstərilir”
16:39 16 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində bir sıra görüşlər keçirib. KomitədənAPA-ya verilən xəbərdə, görüşlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də iştirak edib.
 

Ə. Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsi, xüsusilə dünyanın müxtəlif ölkələrindəki humanitar layihələrdə iştirakı təqdir olunub. Bildirilib ki, dünyanın müxtəlif böhran bölgələrində BQXK ilə birgə layihələrin həyata keçirilməsi üçün hökumətə müraciət olunması təklif edilib.

 

Görüşdə BQXK və onun tərəfdaşlarının əvvəllər olduğu kimi, əlavə dəyər vergisindən azad edilməsi və hökumət tərəfindən bu təşkilatın fəaliyyətinə maliyyə dəstəyinin artırılması məsələləri qaldırılıb.
 

Baş nazirin müavini Azərbaycandakı mövcud sosial-iqtisadi inkişafdan bəhs edib, xüsusilə Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilədək müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib.
 

Ə. Həsənov bu gün Azərbaycanda tolerant mühitin hökm sürdüyünü, paytaxt Bakıda hətta erməni kilsəsinin olduğunu, monoetnik Ermənistanda isə məscidlərin dağıdıldığını qeyd edib. O, 9,6 milyondan artıq əhalisi olan Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaşadığını diqqətə çatdıraraq, Azərbaycan dövləti və hökumətinin bu sahədə gördüyü işlərdən danışıb.
 

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələyə toxunulub. Baş nazirin müavini hərbi münaqişədən əziyyət çəkən və torpaqları işğal altında olan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət barədə məlumat verib.


Baş nazirin müavini Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə BQXK-nın prezidentindən erməni əsirliyində olan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə edilməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş edib.
 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti P. Maurer təmsil etdiyi təşkilatın erməni əsirliyində olan D. Əsgərov və Ş. Quliyevin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini deyib. O, Azərbaycanın qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizin BQXK-nın fəaliyyətinə verdiyi güclü dəstəyə görə minnətdarlıq edib.
 

Görüşün sonunda baş nazirin müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentini Azərbaycana səfərə dəvət edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR