"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 10 milyon manat ayrılıb

18:12 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.
Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmiş, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-meliorasiya-ve-su-teserrufati-asc-ye-10-milyon-manat-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR