Dəniz Administrasiyası və Gəmiçilik “Günəşli” yatağındakı yanğının söndürülməsində aktiv iştirak edir

Dəniz Administrasiyası və Gəmiçilik “Günəşli” yatağındakı yanğının söndürülməsində aktiv iştirak edir
18:23 16 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə ağır hava şəraiti və güclü qasırğa nəticəsində baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qüvvələri səfərbər edilərək axtarış-xilasetmə və hadisənin nəticələrinin aradan qaldırılmasına aktiv surətdə cəlb olunub.
Hadisə baş verdiyi andan hazırkı vaxtadək Dövlət Dəniz Administrasiyası tərəfindən müasir peyk və radio-rabitə, uzaq məsafədən tanınma və izləmə, gəmilərin hərəkətinin idarə olunması sistemi vasitəsilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərinin hadisə baş verən əraziyə yönləndirilməsi, həyata keçirilən tədbirlərə gəmilərin cəlb olunması məqsədilə cəmiyyətin mütəxəssisləri ilə birlikdə məqsədyönlü işlər görülüb.
Dövlət Dəniz Administrasiyası və QSC tərəfindən razılaşdırılmış tədbirlərin nəticəsində “Lənkəran”, “Samir Quliyev” və “Avior” gəmiləri, eləcə də texniki istismarı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, idarə olunması isə Fövqəladə Hallar Nazirliyində olan “Vixr-5”, “Vixr-8” və “Vixr-9” gəmiləri “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülünün yerləşdiyi sahəyə mobilizasiya ediliblər.
Hadisə yerinə, həmçinin QSC-nin digər şirkətlərlə alyansının istifadəsində olan “Topaz Dignity”, “Caspian Protektor”, “Bakı”, “Caspian Endevour” və “Müslüm Maqomayev” gəmisi də cəlb olunub.
Dövlət Dəniz Administrasiyasının tabeliyində 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən müasir radar və müşahidə, avtomatik identifikasiya sistemləri, uzaq məsafədən tanınma və izləmə avadanlıqları vasitəsilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərinin dəniz işlərinə cəlb olunması məqsədilə koordinasiyanın təşkili, suüstü müşahidələrin aparılması, hadisə baş verən əraziyə yaxın olan digər gəmilərin işlərə cəlb olunması üçün gəmi kapitanlarına icrası məcbur olan göstərişlərin verilməsi təmin edilir.
Həmçinin, Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Xəzəryanı dövlətlərin eyni adlı Mərkəzlərinə, eləcə də həmin dövlətlərin bayraqları altında üzən gəmilərə naviqasiya xəbərdarlıqları göndərilib və qarşılıqlı əməkdaşlıq nəticəsində fasiləsiz olaraq əldə edilən məlumatların analiz olunaraq aidiyyəti üzrə ötürülməsi təmin edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Deniz_Administrasiyasi_ve_Gemichilik_Gunesli_yatagindaki_yanginin_sondurulmesinde_aktiv_istirak_edir-911821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR