Dünya dövlətləri “ASAN xidmət” modelinə böyük maraq göstərir

Dünya dövlətləri “ASAN xidmət” modelinə böyük maraq göstərir
18:23 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 16 dekabr, AZƏRTAC
Azərbaycanın “ASAN xidmət” modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov İtaliyaya səfəri zamanı “Azerbaijan news” xəbər saytına müsahibəsində deyib.
Qurumun yaranma tarixindən, fəaliyyətindən danışan İ.Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət” 2013-cü ilin əvvəlindən etibarən fəaliyyətdədir. O deyib: “Əsas məqsəd müxtəlif qurumların bir mərkəzdən xidmətlərinin göstərilməsi zamanı müasirlik, innovasiya, şəffaflıq, rahatlıq, dövlət xidmətlərinin əlçatanlığı kimi vacib prinsiplərin yüksək səviyyədə tətbiq edilməsidir”.
İ.Kərimov hazırda 9 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini və növbəti ildə daha iki mərkəzin istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, səyyar “ASAN xidmət” vasitəsilə mərkəzlərin mövcud olmadığı regionlarda dövlət xidmətlərinin ən yüksək keyfiyyətlə təqdim edildiyini də vurğulayıb. Əlavə edib ki, “ASAN xidmət” BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Agentliyin sədri fikirlərinə bu sözlərlə davam edib: “Dövlət xidmətlərinin səmərəliliyinin artırılması hazırda bir çox ölkələr üçün önəmli çağırışlardan biridir. Biz tərəfdaş ölkələrlə “ASAN xidmət” modelinin tətbiqi, təcrübələrimizi paylaşmaq istiqamətində fəal əməkdaşlıq edirik və bunun hər iki tərəfə fayda verə biləcəyinə inanırıq. Bu baxımdan, İtaliyaya səfərim çərçivəsində keçirilmiş görüşləri xüsusi vurğulamaq istərdim. İtaliyalı tərəfdaşlarımızla dövlət xidmətinin müxtəlif aspektləri istiqamətində səmərəli müzakirələr apardıq. Xüsusilə İtaliyanın Baş nazirinin ofisi yanında dövlət idarəçiliyi üzrə departamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə əminik”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_dovletleri_ASAN_xidmet_modeline_boyuk_maraq_gosterir-911818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR