Rusiya jurnalı Azərbaycanın xalq artistindən yazdı

Rusiya jurnalı Azərbaycanın xalq artistindən yazdı
18:31 16 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilən “Muzıkalnaya jizn” jurnalının 9-cu buraxılışında Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Xəyyam Mirzəzadənin 80 illik yubileyinə həsr edilən məqalə dərc edilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, məqalənin müəllifi Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayevdir. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “İrəliyə hərəkət mövcudluq forması kimi” adlı məqalədə bəstəkarın keçdiyi həyat yolu və yaradıcılığı haqqında məlumat verilib.
 
Qeyd olunub ki, sənətkar Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Qara Qarayevin layiqli davamçılarından biridir. Xəyyam Mirzəzadə həm də işıqlı şəxsiyyət, maraqlı həmsöhbət, intellektual səviyyəsi yüksək olan vətənpərvərdir. Məqalədə Xəyyam Mirzəzadənin xarici ölkə musiqiçiləri ilə sıx yaradıcılıq münasibətlərindən də söz açılır. Hollandiyanın “Nieuw Ensemble”, İsveçrənin “TaG” ansamblları, gitaraçı Kristof Yagin ilə onu yaradıcılıq telləri bağlayır. Məqalənin sonunda müəllif yubilyarı təbrik edir, ona sənət uğurları arzulayır. Bu təbrikə “Muzıkalnaya jizn” jurnalının redaksiyası da qoşulur.
 
Qeyd edək ki, jurnalda tanınmış azərbaycanlı vokalçı, ölkəmizi Böyük Teatrın səhnəsində uğurla təmsil edən Əməkdar Artist Dinara Əliyeva ilə “Həyatda və musiqidə klassikanı dəyişmirəm” başlıqlı müsahibə də dərc edilib. Müsahibədə sənətçi ideya müəllifi olduğu “Opera Art” festivalı və yaradıcılıq planları barədə danışır.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR