Azərbaycan alimi Oksfordda keçirilən beynəlxalq konfransda ortaq dəyərlərlə bağlı məruzə edib

Azərbaycan alimi Oksfordda keçirilən beynəlxalq konfransda ortaq dəyərlərlə bağlı məruzə edib
18:53 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


London, 16 dekabr, AZƏRTAC 
Böyük Britaniyanın, bütövlükdə dünyanın ən aparıcı elm və təhsil mərkəzlərindən biri hesab edilən Oksford şəhərində Akademiya İttifaqının “Liderlər sammiti” çərçivəsində dekabrın 14-15-də keçirilən növbəti beynəlxalq konfransda dünyanın 40-a yaxın ölkəsindən alim, tədqiqatçı və mütəxəssislər iştirak ediblər. “Elm üçüncü minilliyin başlıca kapitalıdır” və “Universitet şəhəri inkişafının innovativ aspektləri” kimi əsas mövzular üzrə məruzə və çıxışlar, bu ətrafda geniş müzakirələrdə İngiltərə, İsveç, İtaliya, Macarıstan, Bolqarıstan, Rumıniya, Hindistan, Rusiya, Ukrayna, Argentina, Panama, Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələrin təmsilçiləri iştirak ediblər. Azərbaycan Milli Elmlər Akademiyası və Oksford Akademiya İttifaqının həqiqi üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun həmin mötəbər elmi məclisdə məruzəsi maraqla qarşılanıb.
Azərbaycanlı alimin “Avropanın elm, təhsil və mədəniyyət məkanında ortaq dəyərlər” adlı məruzəsi mahiyyət etibarilə inteqrasiya problemlərinə həsr edildiyindən əslində beynəlxalq konfransın hər iki mövzu istiqamətinin başlıca çağırışlarına uyğun olub. Akademik Rafael Hüseynov Azərbaycanın istər coğrafi yerləşməsi, istərsə də elmdə, mədəniyyətdə, təhsildə yürütdüyü xəttin orta əsrlərdən indiyə kimi özündə Şərq və Qərbi qovuşdurmasını qeyd edərək bir sıra maraqlı tarixi məqamlar üzərində dayanıb: “Hələ XIII əsrdə yalnız Yaxın və Orta Şərqdə deyil, o dövrün bütün mədəni aləmində məşhur olan Azərbaycan alimi, astronom, riyaziyyatçı, filosof, şair Nəsirəddin Tusi Marağa şəhərində akademiya yaratmışdı. Onun rəhbərlik etdiyi rəsədxana və akademiyada dünyanın müxtəlif ölkələrindən olan alimlər çalışırdılar və bir sıra müştərək layihələri gerçəkləşdirirdilər. Bu elm mərkəzi dünyanın ilk beynəlxalq tərkibli akademiyalarından olmaqla həm də ayrı-ayrı ölkələrdən gələn intellektual güc və sərvətin koordinasiya olunduğu, əlaqəli şəkildə inkişaf etdiyi münbit məkan idi. Onların hamısının ortaq elm dili olan ərəbcə müasir aləmdə ingiliscənin yerinə yetirdiyi funksiyanı icra edirdi. Bu isə o mərkəzdə yaranan elmi ədəbiyyat və dərsliklərin geniş yayılmasına, başqa ölkələrdə də istifadəsinə əlverişli imkan açırdı”. R.Hüseynov dünyanın müxtəlif ölkələrində tarixən mövcud olmuş və yaşama haqqını sübut etmiş bu qəbil ənənələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb: “Qloballaşan dünya bir-birimizə daha artıq yaxınlaşmağı, bir-birimizdən daha artıq bəhrələnməyi və öyrənməyi təklif edir. Bunun üçün isə elm, təhsil, mədəniyyət ən münasib körpülərdir. Bəşərin rahat gələcəyi və rifahı, daha artıq tərəqqiləri isə güc nümayişində, qarşıdurmalarda yox, məhz belə xoşməramlı təmas və inteqrasiyadadır”.
Azərbaycan aliminin maraqlı faktlar və epizodlar, dəyərli təkliflərlə zəngin olan məruzəsinin beynəlxalq konfransın nəticələri əsasında nəşr olunması planlaşdırılan məqalələr məcmuəsinə daxil edilməsi qərara alınıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimi_Oksfordda_kechirilen_beynelxalq_konfransda_ortaq_deyerlerle_bagli_meruze_edib-911837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR