Öndər Halisdəmir: Gələcəkdə Azərbaycana sərmayə yatırmağı düşünürük

Öndər Halisdəmir: Gələcəkdə Azərbaycana sərmayə yatırmağı düşünürük
19:08 16 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC 
Bakıda keçiriləcək Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) iştirak Türkiyə şirkətləri üçün yeni imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Ağaoğlu” şirkətlər qrupunun İdarə Heyətinin rəhbəri Öndər Halisdəmir dekabrın 16-da qurumun RecExpo sərgisində iştirakı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sərginin Türkiyə şirkətləri üçün əlverişli platforma olduğunu bildirən Öndər Halisdəmir bu sahədə azərbaycanlı həmkarları ilə biznes əlaqələri yarada biləcəyinə inandığını söyləyib: “Texnologiya innovasiyalara söykənir. Biz yeni texnologiyanın inkişafını dəstəkləyirik və bunun tikintidə tətbiq olunmasına xüsusi önəm veririk. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərə qatılmağı həm ölkəmizin təbliği, həm də perspektivlər baxımından fürsət olaraq dəyərləndirir və bu sahəyə ciddi investisiya yatırmağı düşünürük. Azərbaycan bizim xarici müştəri portfelimizdə ilk sıralarda yer alır”.
O qeyd edib ki, “Ağaoğlu” şirkətlər qrupu Qafqaz bölgəsinə də xüsusi diqqət ayırır. RecExpo sərgisinə İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihələri ilə qatıldıqlarını söyləyən idarə heyətinin rəhbəri burada da satış hədəflərinə nail olacaqlarına əminliyini diqqətə çatdırıb. Ö.Halisdemir onu da bildirib ki, 1981-ci ildə qurulan “Ağaoğlu” 7 milyon kv.metrə yaxın həcmdə layihələr həyata keçirib. Azərbaycana gələcəkdə sərmayə yatırmağı düşünən şirkət bununla bağlı ölkəmizin iş adamları ilə danışıqlar aparacaq.
Şirkətin Nyu York, London, Dubay və uzaq Şərqdəki maliyyə mərkəzləri araşdırılaraq və ehtiyaclar müəyyənləşdirilərək hazırlanan İstanbul Beynəlxalq Maliyyə Mərkəzində bir çox beynəlxalq qurumların baş idarələri yerləşəcək. Bakırköy layihəsi isə 81 faizlik yaşıllıq sahəsi və Bakırköy sahilində yerləşməsi ilə diqqəti cəlb edir. Layihə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən dəstəklənir və ən böyük şəhər parkının yaxınlığında yerləşir.
Qeyd edək ki, dekabrın 17-dən 19-dək davam edəcək sərgidə beynəlxalq nüfuzlu satış agentliklərinin, iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin, eləcə də istehlakçılar və dövlət qurumlarının iştirakı nəzərdə tutulur. Sərgi səhər saat 10-dan 18-dək ziyarətçilərə açıq olacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Onder_Halisdemir_Gelecekde_Azerbaycana_sermaye_yatirmagi_dusunuruk-911848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR