Gəncədə “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı keçirilib

Gəncədə “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı keçirilib
19:14 16 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində “Qızıl Payız” gənclərin yaradıcılıq festivalına başlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, festivala Gəncə və ətraf regionlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər, mədəniyyət sahəsində çalışan insanlar və Gəncə şəhərində fəaliyyət göstərən xarici ölkə konsulluqlarının nümayəndələri qatılıb.

 

Festivalın rəsmi açılış mərasimində çıxış edən Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, payız fəslinin bitməsinə təsadüf edən festivalın keçirilməsində əsas məqsəd gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq, müxtəlif regionlarda istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün tədbirlər həyata keçirir. Bu Festival isə istedad axtarışlarımızın nəticələrinin təqdimat mərasimidir. Festival Gəncə şəhəri ilə yanaşı, Mingəçevir şəhərində və Ağcabədi rayonlarında da keçiriləcək. Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulub, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gəncin öz bacarıqlarını inkişaf etdirmələri,  özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaradıb.

 

Uşaq Yaradıcılıq Mərkəzində baş tutan rəsmi açılış mərasimi bitdikdən sonra, səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Onlar yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, kino, ədəbiyyat, moda və s.) bacarıqlarını nümayiş etdiriblər.  Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunub, rəqslər, modalar və digər yaradıcılıq nümunələri nümayiş etdirilib . Festivalın sonunda iştirak edən hər bir gənc xüsusi diplomlarla mükafatlandırılıb.

 

Qeyd edək ki, Mərkəz tərəfindən “Qızıl Payız” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR