​FES-in qərarı dünya maliyyə bazarlarına necə təsir edəcək?

19:22 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FES) bu gün, dekabrın 16-sı axsam 23.00-da uçot dərəcələrini artırıb-artırmaması barədə növbəti qərarını açıqlayacaq. "Report" xəbər verir ki, "The Wall Street Journal"ın apardığı sorğu nəticəsində ekspertlərin 97%-i FES-in uçot dərəcələrini artıracağını bildirib. Maliyyə bazarları hazırda FES-in 0,25% artım qərarı alacağını ehtimal edib və bu qərar bütün aktivlərin qiymətində öz əksini tapıb. İnvestorları ən çox maraqlandıran FES rəhbəri Jannet Yellenin qərardan sonra uçot dərəcələrinin 2016-cı ildə artım tempinə dair ipucları olacaq. FES ABŞ iqtisadiyyatının gücündən bəhs edərsə, bu zaman 2016-cı ildə bir neçə artım qərarı gələ bilər ki, belə bir açıqlama bu gün dolları möhkəmlədər, fond bazarları və xammal qiymətlərində isə kəskin azalmaya yol açar. Əks halda, daha yumşaq açıqlamalar gələrsə, maliyyə bazarlarının qərarı daha sakit qarşılayacağı ehtimal edilir.
Bəzi ekspertlər isə FES-in faizləri artırmayacağını düşünür. Belə olduğu halda,  maliyyə bazarlarında şok dəyişikliklər olacaq. Fond birjaları, xammal qiymətləri kəskin yüksələcək, dollar isə zəifləyəcək. Təbii ki, bu qərarın gələcəyi qaranlıq qalacaq. FES belə bir variantda yaxın gələcəkdə faizləri artırmasa, maliyyə bazarlarında ciddi dəyişikliklər baş verəcək. Əgər növbəti iclaslarda uçot dərəcəsini artırması barədə siqnallar versə, qısamüddətli artımdan sonra maliyyə bazarlarında qiymətlər yenidən əvvəlki səviyyələrə qayıdacaq.
Digər bir variant isə FES-in faizləri 0,5% artırmasıdır ki, bu zaman inkişaf etməkdə olan ölkələrin maliyyə bazarları sərt reaksiya verə bilər. Bu kateqoriyadan olan ölkələrdən maliyyə axını sürətlənər və ilin sonuna qədər bu ölkələrin valyutaları ciddi devalvasiya keçirə bilərlər. Dolların məzənnəsi sərt yüksələr, fond birjaları və xammal qiymətləri kəskin azala bilər.
Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi FES-in uçot dərəcələrini artırmasından ən çox mənfi təsirə məruz qalacaq ölkələr arasında Braziliya, Türkiyə, CAR və Rusiyaya işarə edib. Bu ölkələrdən ikisi - Türkiyə və Rusiya Azərbaycanın qonşuları və ən böyük ticarət ortaqlarıdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/fes-qerari-dunya-maliyye-bazarlarina-nece-tesir-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR