Məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgi təşkil edilib

Məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgi təşkil edilib
19:48 16 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə 61 nəfər gənc istedadın yağlı boya, qrafika, heykəltəraşlıq, sulu boya və dekorativ tətbiqi sənət nümunələrindən ibarət əsərləri nümayiş olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva muxtar respublikada gənc istedadlara dövlət qayğısından danışıb. Bu sərginin Rəssamlar Birliyinin aid təşkilatlarla birgə tədbirlər planına əsasən şəhər və rayonlarda keçirilən ustad dərslərinin hesabatı olduğunu qeyd edib.
Bildirilib ki, muxtar respublikanın şəhər və rayonlarında keçirilən ustad dərsləri zamanı rəsm sahəsində istedadı və qabiliyyəti olan uşaq və gənclər üzə çıxarılıb, onların bu sahədə inkişaf etdirilmələri üçün bir sıra tədbirlər görülüb.
Gənc istedadlara, eləcə də rəssamlıq sənətində ilk addımlarını atanlara göstərilən dövlət dəstəyinə görə minnətdarlığını ifadə edən Ülviyyə Həmzəyeva deyib ki, bu gün sərgidə rəsm əsərləri və əl işləri nümayiş etdirilən yeniyetmə və gənclər gələcəkdə tanınmış rəssamlar ola bilərlər. Bu ümidlərin doğrulması üçün onlara hər cür şərait yaradılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimovanın, muxtar respublika təhsil nazirinin müavini Məhəmməd Qəribovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin çıxışları olub.
Çıxışlarda bildirilib ki, muxtar respublikada gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Bu gün muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir.
Sonra təşkilatçılar tərəfindən gənc istedadlara diplomlar və fəxri fərmanlar təqdim edilib.
Daha sonra sərgiyə baxış olub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mekteblilerin_ve_genc_istedadlarin_yaradiciliq_numunelerinden_ibaret_sergi_teskil_edilib-911876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR