Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“İntizar” operası nümayiş olunub

Date: 16 December 2015 19:48



Bakı, 16 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 16-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb.
Səhnə əsəri Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir. İki pərdə və yeddi şəkildən ibarət operada bəstəkar bütün hadisələri solo, ansambl nömrələri, möhtəşəm xorlar vasitəsilə böyük ustalıq və peşəkarlıqla əks etdirib. Eyni zamanda, müəllifin gələcəyə olan nikbin hissləri də operada öz təcəssümünü tapıb. Belə ki, sonda qələbəyə böyük inam bəsləyən bəstəkar operanı mübarizlik əhval-ruhiyyəsini aşılayan musiqi ilə, möhtəşəm sonluqla tamamlayır.
Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi səhnə əsərində əsas rolları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa ediblər.
Təbiət gözəlliklərinin də yer aldığı tamaşa yerli və xarici teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, opera tamaşasının libretto müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssam isə Xalq Rəssamı Tahir Tahirovdur.

Tags:  İntizar operası nümayiş olunub


RƏYLƏR


Top news