Yas qadağası üçün qanun qəbul ediləcək

Yas qadağası üçün qanun qəbul ediləcək
23:51 16 Dekabr 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəmiyyətin əksər üzvləri hələ də dünyasını dəyişən yaxınlarının ehsan süfrəsini bacardığı qədər zəngin qurmağa çalışır. Bu, yas mərasimlərində israfçılığa səbəb olur.

ANS PRESS-in məlumatına görə, yas mərasimlərində yol verilən israfçılıq məsələnin qanunvericilik orqanında həll edilməsi zərurətini ortaya çıxarıb. Milli Məclisin yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsi yas mərasimləri ilə bağlı qanun hazırlamağı planlaşdırır.


Nizami Cəfərov - millət vəkili

Komitənin üzvü, millət vəkili Nizami Cəfərovun ANSPRESS-ə açıqlamasına görə, yas mərasimlərində israfçılıq edilməməsi ilə bağlı hələ bir müddət əvvəl də məsələ gündəmə gəlmiş, bununla bağlı müvafiq dini qurumların vətəndaşlara xüsusi tövsiyyələri olmuşdu: “Yas mərasimlərinin keçirilməsi zamanı israfçılığa yol verilməməsi ilə bağlı tövsiyələr, müzakirələr nəticə vermirsə, onda bu sahədə qanunun qəbulu zərurətə çevrilir".



Hələlik bu sahədə digər ölkələrdə mövcud məqsədəuyğun təcrübələrin öyrənildiyini vurğulayan Nizami Cəfərovun fikrincə, yeri gələrsə, digər dinlərdə olan münasib qaydalara da baxılacaq. Millət vəkili yas mərasimlərində rast gəlinən ifrat süfrə bolluğuna xərclənən vəsaitin xeyriyyə məqsədilə sərf edilməsini daha münasib sayır.

Yas mərasimlərinin qanunla tənzimlənməsi məsələsinə hələlik layihə formasında olduğu üçün Qafqaz Müsəlmanları İdarəsi münasibət açıqlamadı. Dini qurum bunun üçün müvafiq zamanın yetişməsini gözləyir.


Yas mərasimi


Xarici təcrübəyə nəzər saldıqda, dünyasını dəyişən imkanlı şəxslərin bir çoxunun vəsiyyət edərək öz əmlakını və ya xeyli məbləğdə vəsaitini kimsəsiz uşaqlara, uşaq evlərinə, hansısa xəstəliklə bağlı yardım fondlarına ayırdığı nümunələrə rast gəlmək olur.

Bu baxımdan, yas süfrələrində bol nemətlərə xərclənən vəsaitin yardıma ehtiyacı olan insanlara xərclənməsi daha məqsədəuyğundur. Bununla həm mərhumun ruhu şad olar, həm də onun yaxınları xeyirxah iş gördükləri üçün mənəvi rahatlıq tapar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR