"Azərbaycan işğal olunmuş torpaqları hərbi yolla azad edəndə..."

"Azərbaycan işğal olunmuş torpaqları hərbi yolla azad edəndə..."
07:27 17 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan XİN-nin ABŞ-a etiraz notası verməsi gözlənilən idi. Ceyms Uorlik bir diplomat olaraq ATƏT-in Minsk qrupunun həmsədrinin təmsilçisi kimi üzərinə götürdüyü funksiyanı yerinə yetirmək, bu istiqamətdə beynəlxalq hüquq normalarına söykənərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün səylərini göstərmək əvəzinə, əksinə bu cür addımlar atmaqla ermənilərin yanında olduğunu, onlara təəssübkeşlik etdiyini nümayiş elədi. Əlbəttə ki, bu, qəbuledilməzdir, bütün hədlərin aşılması deməkdir. Bu hadisə bir daha sübut etdi ki, ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasında deyil, erməni lobbisinin təsiri altında status-kvonun saxlanılmasında maraqlıdır".



Bunu Milli Məclisin üzvü Fəzail Ağamalı Milli.Az-a açıqılamasında Azərbaycanın ABŞ-a etiraz notası verməsini şərh edərkən deyib.

Millət vəkili hesab edir ki, C.Uorlikin Vaşinqtonda erməni separatçılarının "Dağlıq Qarabağın müstəqilliyi" tədbirinə qatılması birmənalı olaraq Minsk qrupunun təmsilçisi kimi C.Uorlik tərəfindən üzərinə götürdüyü öhdəliklərin ayaqlar altına atılmasını, separatçı erməniləri dəstəklədiklərini sübut edən konkret faktdır: "Bu diplomat heç bir halda bundan sonrakı proseslərdə ABŞ-ın təmsilçisi kimi Minsk qrupunda yer ala bilməz. Amma Azərbaycan təkcə nota ilə kifayətlənməli deyil. Bu faktın özü sübut etdi ki, təkcə ABŞ-ın təmsilçisi deyil, bütövlükdə Minsk qrupunun həmsdərlər dövlətlərindən biri işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini istəmir. Onlar Azərbaycana qarşı ikili standartlarla çıxış edirlər".


F.Ağamalı qeyd edib ki, fakt odur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 20 faiz torpaqlarımız artıq 25 ilə yaxındır ki, işğal altındadır, bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, eləcə də bir sıra beynəlxalq qurum və təşkilatların qərar və qətnamələri var, amma Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etmək niyyətində deyil: "Belə bir vəziyyətdə Ermənistana qarşı sanksiyalar tətbiq etmək, ona təzyiqlər göstərmək və onu işğalçı dövlət kimi qiymətləndirmək əvəzinə, separatçı qüvvələrin qondarma qurumunun müxtəlif təmsilçilərinin ABŞ-da, eyni zamanda Avropanın bir sıra ölkələrində, həmçinin Minsk qrupunun digər üzvü olan Fransada ən müxtəlif formalarda qəbul edilməsi, onların tədbirlərinin keçirilməsinə şərait yaradılması, ayrı-ayrı rəsmi şəxslərin bu tədbirlərdə iştirak etməsi yolverilməzdir.

Bu, bir daha göstərir ki, guya dünyada ədaləti, haqqı əsas götürərək fəaliyyətini Minsk qrupunda beynəlxalq hüquq normalarına uyğun qurmaq görüntüsü yaratmağa çalışan dövlətlər, əslində, Ermənistanın yanındadırlar. Onların özü Azərbaycanı işğal olunmuş torpaqlarını hərbi yolla azad edilməsinə təhrik edirlər. Biz işğal olunmuş torpaqlarımızı hərbi yolla azad edəndə, ümid edirəm ki, bu cür ikiüzlü diplomatlar o vaxt müxtəlif sərsəm bəyanatlarla çıxış etməyəcəklər".    

Qeyd edək ki, dekabrın 15-də Azərbaycanın Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarına (ABŞ) etiraz notasını təqdim edib. Sözügedən notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi "Artsaxın müstəqilliyinin ildönümü" başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış  qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR