Müdafiə sənayesi naziri: “Sifarişçilərə təhvil verilən məmulatların həcmi 210 dəfədən çox artıb”

Müdafiə sənayesi naziri: “Sifarişçilərə təhvil verilən məmulatların həcmi 210 dəfədən çox artıb”
10:54 17 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanda 2006-cı illə müqayisədə müdafiə və xüsusi təyinatlı məmulatların həcmi 47 faiz artıb.

 

APA-nın məlumatına görə, bu barədə müdfafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.

 

Nazir qeyd edib ki, 2015-ci ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilir. Gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılıb və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir: “Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və sair göstərmək olar”.

 

Nazir qeyd edib ki, ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb. Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib: “Hal-hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır. Utilizasiya mərkəzində quraşdırılmış xüsusi avadanlıq və cihazlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının utilizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 ədəd müdafiə təyinatlı məmulatların təmiri işləri aparılıb, 7 milyon 188 min ədəd məmulatın isə utilizasiya işləri yerinə yetirilib”.

 

Nazirliyin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilib, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilib. Görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artırılır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR