Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbayacan yeni xüsusi təyinatlı silahlar istehsal edəcək

Azərbayacan yeni xüsusi təyinatlı silahlar istehsal edəcək

Date: 17 December 2015 11:11

"Azərbaycanda NATO standartlarına uyğun xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir.
Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib". ANS PRESS-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.


“Yalquzaq” snayper tüfəngi

O, qeyd edib ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Nazir bildirib ki, bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar. Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb.

Y.Camalovun sözlərinə görə, hal-hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır.

"Utilizasiya mərkəzində quraşdırılmış xüsusi avadanlıq və cihazlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının utilizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 ədəd müdafiə təyinatlı məmulatların təmiri işləri aparılıb, 7 milyon 188 min ədəd məmulatın isə utilizasiya işləri yerinə yetirilib. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar".

Bundan başqa gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılmış və seriyalı istehsalı təmin edilib.

Nazir həmçinin Beynəlxalq Müdafiə Sərgisi barədə danışıb. O, bildirib ki, Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işlər davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.

Tags:  Azərbayacan yeni xüsusi təyinatlı silahlar istehsal edəcək


RƏYLƏR


Top news