Görüşdə müştərək elmi tədqiqat işlərinin aparılması qərara alınıb

11:13 17 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın iştirakı ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Prezident İlham Əliyev tərəfindən elan edilmiş Azərbaycan elminin prioritetləri, fundamental və innovativ-tətbiqi xarakterli multidissiplinar tədqiqatların dövrün tələbləri səviyyəsində gücləndirilməsi problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Mövcud elmi avadanlıqdan və alim potensialından daha səmərəli istifadə edilməsi, müasir yüksək texnologiyaların transferi, kadr hazırlığında beynəlxalq əlaqələndirmənin və xarici elmi mərkəzlərin rolu və s. bu kimi məsələlər də müzakirə obyektləri sırasında olub.
Akademik İ.Quliyev son 3 ildə AMEA-da elmi əsaslandırılmış islahatların və ciddi struktur dəyişikliklərinin aparılması, əksər institutların maddi-texniki bazasının gücləndirilməsi, elmlə təhsilin uğurlu inteqrasiyasının təmin edilməsi, bacarıqlı və xarici dilləri mükəmməl bilən istedadlı gənclərin akademiyaya cəlb edilməsinin vacibliyini vurğulayıb. İnstitut direktorlarına alimlər tərəfindən əldə olunaraq beynəlxalq jurnallarda dərc edilmiş tədqiqat nəticələrinin məcmuə şəklində toplanılmasını və yayılmasını tövsiyə edib. Akademik GEİ-nin müasir tədqiqat laboratoriyalarında və Milli Genbankda mövcud avadanlıq və cihazlardan, xüsusən də Yeni Nəsil Sekvenserlərindən istifadə etməklə AMEA-nın digər institutları ilə birgə tədqiqatlar aparılmasının məqsədəmüvafiq olduğuna diqqət çəkib.
GEİ-nin direktoru Z.Əkpərov institutun fəaliyyət istiqamətləri və kadr potensialı haqqında məlumat verib. O, genetik ehtiyatlar sahəsində elmi tədqiqatların ənənəvi metodlardan molekulyar və genom səviyyəsinə keçirilməsinin dövrün tələbi olduğuna diqqət çəkərək GEİ-də bu istiqamətdə atılan addımlardan danışıb.
U.Həşimova son illərdə Fiziologiya İnstitutunda aparılan elmi tədqiqatların istiqamətlərindən söz açaraq, fiziologiya və genetik ehtiyatlar sahəsində fənlərarası tədqiqatların aparılması üçün geniş imkanlar olduğunu deyib.
Sonda GEİ-də yaradılmış şəraitdən istifadə etməklə və müvafiq sahə alimlərinin cəlb olunması ilə müştərək elmi tədqiqat işlərinin aparılması qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorusde_musterek_elmi_tedqiqat_islerinin_aparilmasi_qerara_alinib-911948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR