Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir

Date: 17 December 2015 11:43


Bakı, 17 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti - ikinci tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə ədəbi və mədəni inkişafa öz töhfəsini verməyə çalışan “Söz” ədəbi layihəsi bu dəfə Xalq Yazıçısı Çingiz Abdullayevlə ədəbi ictimaiyyətin görüşünə gəlib.
Ədəbi-bədii gecəyə tanınmış mədəniyyət, ədəbiyyat xadimləri və Çingiz Abdullayevin yaradıcılığının vurğunları toplanıb.
Layihənin rəhbəri Nigar Həsənzadənin aparıcılığı ilə keçən görüşdə Çingiz Abdullayev həyat və yaradıcılığı barədə ona ünvanlanan sualları cavablandırıb. Həmçinin xalq yazıçısı “Söz” ədəbi layihəsi haqqında da fikirlərini bölüşüb. Bildirib ki, layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Tamaşaçıların da maraqla qarşıladığı tədbirdə ədəbi-bədii kompozisiyalar da təqdim olunub.
Qeyd edək ki, “Söz” ədəbi layihəsi Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıyır. Ədəbi-bədii axşamlar ənənəsini bərpa etmək məqsədilə layihə çərçivəsində ayda iki dəfə belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə arzu edən hər kəs ölkəmizin ədəbiyyat korifeyləri, gənc yazarları ilə tanış ola bilərlər.

Tags:  Söz ədəbi layihəsi çərçivəsində növbəti tədbir


RƏYLƏR


Top news