Sərnişinlər arasında keçirilən sorğuda əksəriyyət yeni avtobusların rahatlığından razı qalıb

Sərnişinlər arasında keçirilən sorğuda əksəriyyət yeni avtobusların rahatlığından razı qalıb
11:43 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Elvin Camalov, AZƏRTAC
“ASAN könüllüləri” tərəfindən 6 və 8 nömrəli marşrut xətlərindən istifadə edən sərnişinlər arasında ictimai nəqliyyatda tətbiq olunan yeniliklər və davranış qaydaları ilə bağlı sorğu keçirilib.
Bu barədə AZƏRTAC-a “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, artıq sorğunun nəticələri məlumdur. Ümumilikdə 321-i kişi 479-u qadın olmaqla 800 nəfəri əhatə edən sorğu 9 sual üzrə keçirilib və vətəndaşların təklif və şikayətləri qəbul edilib. Sorğuda iştirak edənlərin orta yaş həddi 35, ən gənc vətəndaşın 10, ən yaşlının isə 83 yaşı olub.
Nuridə Allahyarovanın sözlərinə görə sorğuda iştirak edən 775 nəfər yeni avtobusların rahatlıq səviyyəsindən razı qaldıqlarını, 25 nəfər isə narazılıqlarını bildirib. Həmçinin ödənişin “BakıKart” vasitəsilə həyata keçirilməsinə də sərnişinlərin əksəriyyəti – 765 nəfər müsbət yanaşdığını qeyd edib.
Respondentlər ictimai nəqliyyatda hər hansı qida məhsulu yeyilməsi, digər avtobusların dayanacaqlardan kənarda dayanması, ictimai nəqliyyatda ucadan danışmağın doğru olub-olmaması, dayanacaqlararası məsafələrin qane etməsi barədə verilən sualları cavablandırıblar. Onlar ictimai nəqliyyatda qida məhsullarından istifadə edən, ucadan danışan və avtobus marşrutlarının dayanacaqdan kənarda saxlanmasını tələb edən sərnişinləri qınayaraq onları ictimai nəqliyyatdan düzgün istifadəyə çağırıblar.
Həmçinin, marşrut xətlərinin əhatə dairəsinin sərnişinlərə uyğunluğu (634 nəfər), kart vasitəsi ilə olan ödənişin nəqliyyata minərkən həyata keçirilməsinin rahatlığı (753 nəfər) və paytaxtımızdakı bütün avtobusların yeni sistemə keçməsi (760 nəfər) ilə bağlı suallara sərnişinlər müsbət cavab veriblər.
Bakı şəhəri üzrə bütün nəqliyyatın yeni sistemə keçməsi ilə bağlı suala ən çox müsbət cavab alındığını söyləyən N.Allahyarova sərnişinlərin dayanacaqların sayının artırılmasına ehtiyac duyduqlarını bildirib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sernisinler_arasinda_kechirilen_sorguda_ekseriyyet_yeni_avtobuslarin_rahatligindan_razi_qalib-911962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR