Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kredit ödənişləri yaşayış minimumuna əsasən ödənilməlidirmi?

Kredit ödənişləri yaşayış minimumuna əsasən ödənilməlidirmi?

Date: 17 December 2015 11:47

Son zamanlar bəzi hüquqşünaslar deyirlər ki, aylıq kredit ödənişləri yalnız yaşayış minimumu nəzərə alınmaqla ödənilə bilər, xüsusilə də yeni ildən etibarən. Hazırda ölkə üzrə yaşayış minimumu 131 manatdır, 2016-cı ildən isə bu rəqəm 136 manat təşkil edəcək. Digər hüquqşünasların mövqeyinə görə isə, əgər borclu şəxs 200 manat əmək haqqı alırsa, belə olan halda, onun əmək haqqından yalnız 136 manat çıxıldıqdan sonra qalan məbləğ tutula bilər.

Məsələ ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirən hüquqşünas, vəkil Asif Abdullayev Milli.Az-a bildirib ki, vətəndaş kredit öhdəliyini maddi durumu ilə bağlı yerinə yetirə bilmədikdə, bununla bağlı banka müraciət edə və müəyyən güzəştlərin tətbiqini xahiş edə bilər. Mülki Məcəlləyə əsasən, tərəflər müqavilənin icra edilməsinə zəmin yaratmalıdırlar. Bu baxımdan, banklar müəyyən güzəşt və kreditin ödənilməsi üçün borcluya əlverişli şərait yaratmağa çalışmalıdırlar. Eyni zamanda, əgər məhkəmə qərarının icrası borclunu maddi baxımdan pis vəziyyətə salırsa, borclunun hüququ var ki, məhkəməyə müraciət edərək, qərarın icrasına möhlət verilməsini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsin.

Yaşayış minimumu ilə bağlı son zamanlar irəli sürülən mülahizələrə gəldikdə isə, ekspert hesab edir ki, bu mülahizələrin heç bir hüquqi əsası yoxdur: "Belə ki, köhnə və yeni yaşayış minimum məbləğləri arasında fərq yalnız 5 manat təşkil edir. Bu səbəbdən, 2016-cı ildən etibarən yaşayış minimumunun artırılması ilə bağlı kredit borcunun qaytarılması istiqamətində qeyri-adi heç nə baş verməyəcək. Bu barədə qanunvericilikdə də hər hansı dəyişiklik edilməyib.

Eyni zamanda nəzərə almaq lazımdır ki, borcludan banka olan borcun məhkəmə qərarına əsasən tutulduğu hallarda, bu proses "İcra haqqında" Qanunla tənzimlənir. Həmin qanunda yaşayış minimumunun nəzərə alınmasını tələb edən qeyd-şərt yoxdur. Qanunun 64-cü maddəsinə əsasən, borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

Bununla yanaşı, həmin qanun əmək haqqının və ona bərabər sayılan digər gəlirlərin 50 faizinin toxunulmazlığını təmin etməklə, faktiki olaraq borclu şəxsin dolanışığı üçün onun əmək haqqının və buna bərabər tutulan digər gəlirlərinin 50 faizini borclunun özünə saxlayır. Bu maddə də öz növbəsində borclunun əmək haqqının 50 faizinin onun dolanışığı üçün saxlanılmasına yönəlib. Lakin bu maddə minimum dolanışığın deyil, yalnız əmək haqqının 50 faizinin borclunun sərəncamında saxlanılmasını nəzərdə tutur". 

Vəkil qeyd edib ki, kredit müqaviləsi üzrə ödənişlər mülki vəzifələrdəndir. Mülki hüquq və vəzifələrin əmələ gəlməsi səbəblərindən biri də əqdlərin bağlanmasıdır. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər əqdin könüllü bağlanması və mülki hüquqdan irəli gələn münasibətdir: "Yaşayış minimumuna gəlincə, dövlət tərəfindən bu istiqamətdə zəruri qanunvericilik bazası formalaşdırılıb: "Məsələn, "Ünvanlı sosial yardım haqqında" Qanunun təyinatı ona yönəlib ki, aztəminatlı ailələrin sosial müdafiəsi təmin edilsin. Bu qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailə üzvünün vəfat etməsi və sair) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Göründüyü kimi, yaşayış minimumunun təmin edilməsi ilə bağlı yardım yalnız o halda təyin edilir ki, ailə özündən asılı olmayan səbəblərə görə minimum gəlir əldə edə bilməsin. Hansısa fiziki şəxsin kredit götürməsi və özünün yaşayış minimumunu nəzərə almaması və həmin minimumun kreditin qaytarılmasına yönəldilməsi onun şəxsi işidir. Bu hal kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsindən imtinaya əsas ola bilməz". 

A.Abdullayevin fikrincə, dövlətin yaşayış minimumunu təmin etmək istiqamətində formalaşdırdığı qanunvericilik bazası heç bir fiziki şəxsin gəlirlərini, o cümlədən də yaşayış minimumunun hansı istiqamətdə xərcləməsinə müdaxilə edə bilməz: "Bu məsələdə vətəndaş müqavilə azadlığı hüququnu həyata keçirir. Müqavilə azadlığını nəzərə alaraq qeyd etmək lazımdır ki, kredit götürən şəxs özü müstəqil şəkildə banka müraciət edir və tərəflərin razılığı ilə müvafiq müqavilə imzalanır. Nəzərə alsaq ki, fiziki şəxs öz gəlirləri barədə sərbəst sərəncam verir, belə olan halda, kredit müqaviləsi üzrə aylıq ödənişlərin həcmini də öz iradəsinə uyğun olaraq təsdiq edir və bunu vəzifə olaraq müqavilədə qəbul edir".

İlkin İzzət

Milli.Az


Tags:  Kredit ödənişləri yaşayış minimumuna əsasən ödənilməlidirmi


RƏYLƏR


Top news