Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fəzail Ağamalıdan "cəriməmaniya"ya cavab

Fəzail Ağamalıdan "cəriməmaniya"ya cavab

Date: 17 December 2015 13:12

Azərbaycanda hazırlanan yeni İnzibati Xətalar Məcəlləsində (İXM) bir xeyli inzibati xarakterli qanun pozuntularına görə cərimələrin artırılması nəzərdə tutulur. Son günlər bu mövzu cəmiyyətdə geniş müzakirə obyektinə çevrilib. Bəziləri bunu ölkədə qayda-qanunun yaradılması baxımından düzgün addım sayır, digərləri isə əksinə, belə hesab edirlər ki, cərimələrin artırılması digər neqativ hallara, konkret olaraq rüşvətə yol açacaq. Bəziləri isə hətta bunu lətifə mövzusuna çevirərək ölkədə "cəriməmaniya" yarandığını və hökumətin bu yolla büdcəni doldurmağa çalışdığını deyirlər.

Onu da qeyd edək ki, inkişaf etmiş bir sıra ölkələrdə adətən inzitbati qanun pozuntularına görə cərimələr artırıldıqda cinayət məsuliyyəti nisbətən yüngülləşdirilir.

Bununla bağlı məsələni Milli.Az-a şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, əslində inzibati cəzaların artırılması ölkədə qanunsuzluğun və cinayətin qarşısını almağa xidmət edən addımlardır: "Cəzaların artırılmasının fəlsəfəsinin kökündə də məhz bu amil durur. Başqa ölkələri deyə bilmərəm, amma Azərbaycanda İXM-də cərimələrin miqdarı artırılar, eyni zamanda qanuna əməl etməyənlər cərimələrdən nəticə çıxarmazlarsa, qanun pozuntusunu təkrar törədərlərsə, belə şəxslər cəmiyyətdə narahatlıq və insanların təhlükəsizliyi baxımından problemlər yaradarlarsa, onlar daha sərt cəza ilə - Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə məsuliyyətə cəlb edilməlidirlər və bu, gözləniləndir. Çünki profilaktik olaraq cinayətin törədilməsinin də qarşısı alınmalıdır. Hər bir vətəndaş da bilməlidir ki, o, hər hansı qanun pozuntusuna yol verəndə İXM-in müvafiq maddələri ilə ciddi cərimələrlə rastlaşacaq, daha ciddi qanun pozutusuna isə yol verərsə, azadlıqdan məhrum ediləcəkdir. Bütün bunların hamısı cəmiyyətdə sabitliyin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edən yanaşmadır və hamı da bunu anlayışla qəbul etməlidir. Yəni cinayəti etmə, cəzanı da alma! Yəni İXM-də və CM-də cəzaların sərtləşdirilməsi o demək deyil ki, vətəndaşlar elə necə gəldi həbs olunmalıdırlar. Bu, sadəcə profilaktik xarakter daşıyan yanaşmadır və cinayətin qarşısının alınmasına, onların azalmasına yönəlib".

Cərimələrin əks-effekt verəcəyi, hətta rüşvət hallarının artmasına gətirib çıxarması ilə bağlı səslənən fikirlərə gəlincə, millət vəkili bildirib ki, bu cür yanaşma doğru deyil: "Əlbəttə, istənilən yerdə neqativ halları tapmaq olar və ya nəyəsə neqativ izah vermək olar. Bütün bunların hamısı subyektiv yanaşmalardır. Biz bu cür yanaşmaları kənara qoyub qanun çərçivəsində və onun mahiyyətinə uyğun olaraq fikirlər ortaya qoymalıyıq. Bu, daha ədalətli olardı. Ona görə də mən cərimələrin əks-təsir göstərəcəyi və rüşvət hallarının artacağı ilə bağlı fikirləri qəbul etmirəm".

İlkin İzzət
Milli.Az


Tags:  Fəzail Ağamalıdan cəriməmaniyaya cavab


RƏYLƏR


Top news