“Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
13:38 17 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 dekabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən “Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirin aparıcıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin, o cümlədən muxtar respublikanın çoxşaxəli inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən, müstəqillik illərində Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən danışıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirib ki, dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması bu istiqamətdə görülən tədbirlərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması isə muxtar respublikada gənclər sahəsində görülən işlərə daha da sürətləndirib. Fond ötən dövr ərzində muxtar respublikada gənclərlə bağlı layihələrin və tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayıb, bir sıra işlər görüb. Bu gün artıq yekun tədbirinə toplaşdığımız “Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsi də belə tədbirlərdən biridir.
Qeyd olunub ki, teleradio verilişi, qəzet məqaləsi, rəsm əsəri, ədəbi yaradıcılıq, musiqi və elmi məqalə kateqoriyaları üzrə keçirilən müsabiqəyə 104 iştirakçı tərəfindən 24 teleradio verilişi və videoçarx, 46 qəzet məqaləsi, 26 rəsm əsəri, 20 ədəbi yaradıcılıq, 6 musiqi əsəri və 8 elmi məqalə olmaqla cəmi 130 material təqdim olunub. Müsabiqəyə təqdim olunan işlər bədii səviyyəsi və keyfiyyəti, ideyanın orijinallığı, savadlı kompozisiya həlli, işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması, yaradıcı yanaşma və digər meyarlar əsasında qiymətləndirilərək qaliblər müəyyənləşdirilib. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 2 birinci, 3 ikinci, 4 üçüncü və 5 həvəsləndirici yer müəyyənləşdirilib. Birinci, ikinci və üçüncü yerlərin qalibləri üçün pul mükafatları və diplom, həvəsləndirici yer üçün isə qiymətli hədiyyə və diplom nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev vurğulayıb ki, müstəqillik illərində ölkəmizdə və muxtar respublikada əldə edilən sürətli inkişafın fonunda ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz çox böyük uğurlar əldə edib. Müstəqillik illərində qədim diyarda şair və yazıçılarımızın mindən artıq kitabı çap olunub. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin sayı 80 nəfərədək artıb. Bu illərdə muxtar respublikada 10-dan artıq ədəbi almanax işıq üzü görüb. Birlik üzvü olan şair və yazıçılardan, filoloq alimlərdən 22-si Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb. Yazıçılardan 3-ü “Şöhrət” ordeni, 1-i “Şərəf” ordeni, 8-i “Tərəqqi” medalı ilə təltif olunub. 12 nəfər yazıçı Azərbaycan Prezidentinin fərdi mükafatına və təqaüdünə layiq görülüb ki, onlardan da 4-ü gəncdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli qeyd edib ki, muxtar respublikada bütün sahələrdə əldə olunan inkişaf kütləvi informasiya orqanlarını da əhatə edib. Bu gün bir-birindən rəngarəng proqram və verilişlərlə 17 saat efirdə olan Naxçıvan teleradiosu dünyanın ən müasir efir və çəkiliş avadanlıqları ilə təmin olunub. Teleradiomuzun hər bir əməkdaşı göstərilən yüksək diqqət və qayğıya öz əməli işi və fəaliyyəti ilə cavab verməyə çalışır. “Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsinə də fəal qoşulan əməkdaşlarımız müsabiqəyə 20 materialı təqdim edib. Əməkdaşlarımız dövlətimizin bizə göstərdiyi yüksək qayğı müqabilində dəyərli film və verilişlər hazırlamağı özünün mənəvi borcu hesab edib.
Bildirilib ki, bu gün doğma muxtar respublikamızın çiçəklənməsinin şahidi, gedən inkişaf proseslərinin iştirakçısı olmaq hər bir qələm sahibində yüksək qürur hissi yaradır. Vətənə bağlılıq, dövlətçiliyə olan sədaqət Naxçıvanı alınmaz qalaya çevirib. Naxçıvanın müasir mənzərəsi, hər bir yaradıcı şəxs üçün iftixar mənbəyi, ilham qaynağıdır. Bu səbəbdən də müsabiqəyə təqdim olunan teleradio materiallarında müstəqilliyin işığında 20 ildir ki, uğurla yol gələn müasir Naxçıvan təsvir olunub.
“Qədim Naxçıvan həmişə özünün zəngin mədəniyyəti və incəsənəti ilə xalqımızın tarixində əvəzsiz rol oynayıb”, - deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva vurğulayıb ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada bütün sahələr kimi, rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülüb. Belə ki, müstəqillik illərində Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin ev-muzeyi yaradılıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonu təşkil edilib, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində və Naxçıvan Müəllimlər İnstitutunda memarlıq və təsviri incəsənət müəllimliyi ixtisasları açılıb. Muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalereyası, 10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir. Bu məktəblərdə gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılıb.
Ülviyyə Həmzəyeva deyib ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının daha bir əyani təzahürüdür. Bu gün ətrafında 50-yə yaxın üzvü birləşdirən Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında özünəməxsus rola malikdir. Rəssamlarımız mütəmadi olaraq muxtar respublika, ölkəmiqyaslı və beynəlxalq sərgi və festivallarda Naxçıvanı yüksək səviyyədə təmsil edirlər.
Çıxışında Naxçıvan Muxtar Respublikasında mətbuata göstərilən diqqət və qayğıdan danışan “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il martın 29-da imzaladığı “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilib. Milli mətbuatımızın 135 illik yubileyində “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilib, əməkdaşlar üçün müasir iş şəraiti yaradılıb, qəzetlərin rəngli nəşrinə başlanılıb. Bütün bunlarla yanaşı, qəzet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Son illər “Şərq qapısı” qəzeti redaksiyası işçilərinin əməkhaqları dəfələrlə artırılıb, redaksiya yeni xidməti avtomobillərlə təmin olunub.
Vurğulanıb ki, Naxçıvan mətbuatı öz tarixi ənənələrinə söykənərək bu gün də ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Heç şübhəsiz ki, bu fəaliyyətin bir hərəkətverici qüvvəsi var, o da mətbuata göstərilən dövlət qayğısıdır.
Çıxış edənlər qalibləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı Elxan Yurdoğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Faiq Abbasoğlu birinci, televiziyanın digər əməkdaşı İradə Quliyeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi İsmayıl İsmayıllı, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Şəmsəddin Qasımov ikinci, “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Muxtar Rzazadə, “Şərurun səsi” qəzetinin baş redaktoru Elman Məmmədov və “Şərq qapısı” qəzetinin əməkdaşı Səbuhi Hüseynov üçüncü yerə layiq görülüblər. Qaliblərə pul mükafatı və diplomlar təqdim olunub.
Müsabiqədə 5 nəfərə həvəsləndirici mükafatlar verilib, hədiyyələr təqdim olunub.
Müsabiqə qaliblərindən Şəmsəddin Qasımov, Elxan Yurdoğlu, İradə Quliyeva, Şəhla Nəbiyeva, Muxtar Rzazadə və digərləri çıxış edərək muxtar respublikada kütləvi informasiya vasitələrinə, o cümlədən yaradıcılıqla məşğul olan insanlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqs kollektivlərinin ifasında milli rəqslərimiz ifa olunub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_musteqillik_illerinde_yaradiciliq_musabiqesinin_qalibleri_mukafatlandirilib-912018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR