Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Gimnastika Arenasında 22-ci Azərbaycan birinciliyinə start verilib

Milli Gimnastika Arenasında 22-ci Azərbaycan birinciliyinə start verilib

Date: 17 December 2015 13:48


Bakı, 17 dekabr, AZƏRTAC 
Dekabrın 17-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək yarışda 160 gimnast iştirak edir.
Turnirdə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksinin idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də məharətlərini nümayiş etdirirlər.
Yarışların birinci günündə 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparırlar. Bu kateqoriyada alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülük üzrə ən güclü gimnastlar müəyyən ediləcək. Həmin yaş kateqoriyasında mübarizə aparacaq bədii gimnastlar isə yarışların ikinci günündə qrup hərəkətləri üzrə çıxış edəcəklər.
Fərdi proqramda yarışlara isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaqlar. Onlar ip, halqa, top və gürzlərlə hərəkətləri nümayiş etdirəcəklər.
Turnirin sonuncu günündə - dekabrın 19-da yeniyetmələr (2000-2002-ci il təvəllüdlülər) ip, halqa, top və gürzlər, böyüklər (1999-cu il təvəllüdlü və daha yuxarı yaşlılar) isə halqa, top, gürzlər və lent ilə çıxışlarda qalib adı uğrunda yarışacaqlar.
Yarışın sonuncu günü, həmçinin “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş qruplarına daxil olan region təmsilçiləri üçün də mühüm əhəmiyyət daşıyır. Onlar hər yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq bölgələrarası ikinci Kubok uğrunda mübarizə aparacaqlar.
Birinciliyin sonuncu günündə bədii gimnastika həvəskarlarının idmanın bu növü üzrə milli komandamızın lideri, birinci Avropa Oyunlarının gümüş, bu il Avropa çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanan Marina Durundanın və ötən il yeniyetmələr arasında Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyevanın çıxışlarına baxmaq imkanı olacaq.
Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.
İlin sonuncu yarışı konsert proqramı ilə başa çatacaq.

Tags:  Milli Gimnastika Arenasında 22-ci Azərbaycan birinciliyinə start verilib



RƏYLƏR


Top news