60-dan çox yeni iş yeri açıla bilər

15:28 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 17-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Qobustan rayonunun Çuxanlı kəndində keçirilib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Qobustanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) Qobustan rayonundan olan 335 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1742 investisiya layihəsinin maliyyələşdirilməsinə 63,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5600-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 55 sahibkara 580 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qobustanda dövlətin güzəştli krediti ayrılmış arıçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, indiyədək arıçılığın inkişafı ilə bağlı 340-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 4,3 milyon manat güzəştli kredit verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR