Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındakı 10 saylı özüldəki ikinci quyuda da yanğın söndürülüb

Date: 17 December 2015 15:50


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də saat 13:00 radələrində “Günəşli” neft yatağındakı 10 saylı dərin dəniz özülündəki ikinci neft quyusunda da yanğın söndürülüb.
“Günəşli” neft yatağındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dekabrın 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu iki manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant çıxarılır. Desant qruplar yanan quyular ətrafında Dövlət Neft Şirkəti tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.
Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olmuşdu. Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabrın 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant çıxarılıb. Dekabrın 17-də saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.
Özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək.
 

Tags:  Günəşli yatağındakı 10 saylı özüldəki ikinci quyuda yanğın söndürülüb


RƏYLƏR


Top news