NDU-nun tələbələri idman sahəsində də yeni-yeni uğurlara imza atırlar

NDU-nun tələbələri idman sahəsində də yeni-yeni uğurlara imza atırlar
16:19 17 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) bu il elm, təhsil, tədris sahəsi ilə yanaşı, idman və mədəniyyət sahəsində də əhəmiyyətli uğurlar əldə edib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu barədə ali təhsil ocağında 2015-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məlumat verib.
Rektor tələbə-gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları, asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən yayınmaları, potensiallarının aşkarlanıb düzgün istiqamətləndirilməsi baxımından onların müxtəlif müsabiqələrdə, intellektual oyunlarda, idman yarışlarında iştirak etmələrinin zəruriliyindən danışıb, qazanılan uğurlara nəzər salıb.
Universitetin fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri Məmmədəli Rəhimov çıxış edərək deyib ki, yola salmaqda olduğumuz 2015-ci il universitet üçün idman sahəsində də bir sıra əhəmiyyətli uğurlarla yadda qalacaq. Belə ki, ali təhsil ocağının tələbəsi, boksçu Tayfur Əliyev Azərbaycan çempionu kimi 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında müvəffəqiyyətlə iştirak edərək bürünc medala sahib olub. Universitetin tələbələri Azərbaycan Respublikası alı məktəb tələbələrinin XII universiadasında uğurla çıxış ediblər. Universiadada Ramid Yaqubov sərbəst güləş üzrə bütün rəqiblərinə qalib gəlib, Azər Əliyev isə III yerə layiq görülüb.
Qeyd olunub ki, Toğrul Həsənzadə 51 şahmatçı arasında beşinci olub. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında müvəffəqiyyətlə çıxış edərək I-III yerləri bölüşüb. Universitet tələbələri müxtəlif idman növləri üzrə muxtar respublika birinciliklərində də uğurla çıxış ediblər. Ekstremal və Hava İdman Növləri Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi 8 kilometr məsafəyə qaçışda Samiq Səfərov I, Yuris Allahverdiyev II, Ramid Yaqubov III yeri tutub. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası ilə Gənclər və İdman Nazirliyinin keçirdiyi Peyntbol üzrə muxtar respublika birinciliyində iştirak edən universitetin iki komandasından biri I, digəri isə III yerə layiq görülüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş velosiped üzrə muxtar respublika birinciliyində universitet komandası ümumi komanda hesabında I yerə çıxıb, futbol yığma komandası isə III yerlə kifayətlənməli olub. Muxtar respublika rəhbərliyinin idmanın inkişafına göstərdiyi qayğıdan həvəslənən idmançı tələbələr bundan sonra da yeni qələbələr qazanmağa, universiteti layiqincə təmsil etməyə çalışacaqlar.
Tədbirdə təşkilati məsələlərə də baxılıb, universitetin Tələbə İdman Klubunun idarə heyəti və təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib.
Tədbirdə 10-17 noyabr - Beynəlxalq Tələbə Gənclər Həftəsinə həsr olunmuş Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas məktəbləri tələbələrinin muxtar respublika birinciliyində qalib gələn badmintonçu, şahmatçı və bokçu tələbələrə, habelə Naxçıvan şəhər birinciliyində qələbə qazanan voleybolçulara kubok, diplom və hədiyyələr təqdim olunub. I kurs tələbələri arasında voleybol, şahmat və digər idman növləri üzrə keçirilən universitetdaxili seçmə yarışlarda fərqlənən idmançılar da mükafatlandırılıb.
İdmanın inkişafı və fiziki tərbiyə işlərinin təşkilində fərqlənən universitetin tibb fakültəsi ilə pedaqoji fakültə də diplomlara layiq görülüblər.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NDU_nun_telebeleri_idman_sahesinde_de_yeni_yeni_ugurlara_imza_atirlar-912086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR