Azərbaycanın ilk veb-saytı – “www.science.az” 20 yaşını qeyd etdi

Azərbaycanın ilk veb-saytı – “www.science.az” 20 yaşını qeyd etdi
16:51 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “www.science.az” veb-saytının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
 
 
Tədbirdə dövlət rəsmiləri, tanınmış alimlər, internet-media üzrə mütəxəssislər və  KİV nümayəndələri iştirak ediblər.

1995-ci ildə ölkədə ilk veb-saytın  – AMEA-nın rəsmi saytının yaradılması ilə daha bir tarixi mərhələnin əsasının qoyulduğunu bildirən AMEA prezidenti, akademik Akif Əlizadə həmin dövrdə akademiyanın rəsmi saytının “www.ab.az” adı altında fəaliyyət göstərdiyini, 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə saytın adının dəyişdirilərək “science.az” olduğunu qeyd edib.
 
 
AMEA prezidenti bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirib. Bundan əlavə, Azərbaycanda ilk elmi internet-televiziya olan Milli Elmlər Akademiyasının “Elm TV” veb-telekanalının yaradıldığını və portal üzərindən yayımlandığını vurğulayan akademik meqaportalın təkcə AMEA-nın rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk internet-jurnalistika məktəbi olduğunu söyləyib:
 
 “Bu gün əminliklə demək olar ki, “www.science.az”ın fəaliyyətə başlaması ölkədə internet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, “www.science.az” portalı müasir dövrün “elektron-Əkinçi”sidir”.
 
 
Tədbirdə “www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bildirib ki,  Azərbaycanda internet-medianın bugünkü inkişaf səviyyəsində “science.az” veb-saytının mühüm xidmətləri olub.
 
Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini deyən R.Əliquliyevin sözlərinə görə, bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi.
 
R.Əliquliyev “science.az”ın Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyi olduğunu bildirib.
 
 
O qeyd edib ki, informasiya resursu özündə Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın veb-səhifəni əks etdirir. Sayta müraciət edənlərin statistik göstəricilərinə gəlincə, hər gün veb-resursa 6 minə yaxın istifadəçi müraciət edir, aylıq auditoriya təxminən 180 min nəfər təşkil edir.
 
 
Seymur Qasımbəyli


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40449-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR