Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi avtomatlaşdırılmış ticarət və hesablaşma sistemini istifadəyə verəcək

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi avtomatlaşdırılmış ticarət və hesablaşma sistemini istifadəyə verəcək

Date: 17 December 2015 17:33


Bakı, 17 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən avtomatlaşdırılmış ticarət və hesablaşma sistemi yaxın zamanlarda istifadəyə veriləcək.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, bu barədə komitənin sədri Rüfət Aslanlı İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirib.
R.Aslanlı Azərbaycan və İsveçrə hökumətləri arasında uzunmüddətli münasibətlərin daima yüksək səviyyədə olduğunu deyib. Komitə sədri QKDK ilə SECO arasında əməkdaşlığın Azərbaycanın kapital bazarlarının inkişafında əhəmiyyətini qeyd edərək, ölkənin qiymətli kağızlar bazarında gedən proseslər və yeniliklər barədə iştirakçılara məlumat verib. Sədr geosiyasi tendensiyalar və makroiqtisadi risklər fonunda Azərbaycanın kapital bazarlarında yüksək institusional və tənzimləyici potensialın mövcudluğunu diqqətə çatdırıb. R.Aslanlı korporativ sektorun alətləri ilə ticarətin həcminin və likvidliyin təmin olunması hesabına təkrar bazarda əməliyyatların artdığını, investisiya və törəmə maliyyə alətlərinin ticarət platformasının işə salındığını qeyd edib. Komitə sədri əməliyyatların mərkəzi klirinq sistemi vasitəsilə tamamlanmasını müsbət addım kimi dəyərləndirərək, prosesin bazarın sözügedən sektorunun dayanıqlılığının təmin olunmasına xidmət etdiyini deyib. R.Aslanlı "Qiymətli kağızlar haqqında" Qanunun ölkənin kapital bazarlarında tənzimləmə mühitini dəyişdirdiyini, həmçinin qanunun tətbiqi çərçivəsində alt-normativ bazanın hazırlandığını, avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdırıb.
SECO-nun Cənubi Qafqaz üzrə regional direktor müavini Simona Haberli təmsil etdiyi qurum ilə Azərbaycan arasında iqtisadi və maliyyə sahəsində möhkəm əməkdaşlığa diqqət çəkərək, bu münasibətlərin gələcəkdə də inkişafı üçün geniş potensialın olduğunu qeyd edib.
SECO-nun makroiqtisadi yardım şöbəsinin direktor müavini Yonas Frank qiymətli kağızlar üzrə qanunvericilik bazasında edilən dəyişiklikləri yüksək qiymətləndirib və qanunun icrasının kapital bazarlarının gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Tags:  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi avtomatlaşdırılmış ticarət hesablaşma sistemini istifadəyə verəcək


RƏYLƏR


Top news