Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Aİ sammiti: Avropa liderləri Brüsselə hansı problemlərlə gəlirlər?

Aİ sammiti: Avropa liderləri Brüsselə hansı problemlərlə gəlirlər?

Date: 17 December 2015 17:38


Brüssel, 17 dekabr, AZƏRTAC
Avropa İttifaqının 2015-ci ildə növbəti və təcili sammitlər seriyasından sonuncusu bu gün Brüsseldə işə başlayır. Avropa İttifaqı liderlərinin özləri etiraf edirlər ki, cari il Avropa inteqrasiyası tarixində ən mürəkkəb il olub.
Avropa Komissiyasında hesab edirlər ki, qaçqınlar probleminin həllinin açarı Türkiyənin əlindədir. Ankaranın öz sərhədlərindən qaçqın trafikini məhdudlaşdırmağa hazır olması müqabilində onun Aİ-yə daxil olması barədə danışıqlar bərpa edilib, Türkiyə düşərgələrindəki suriyalı qaçqınların şəraitinin yaxşılaşdırılması üçün 3 milyard avro vəd edilib.
Sammitin yekun sənədinin layihəsində göstərilir ki, Şengen zonası daxilində şəffaf sərhədlər sistemi üçün ciddi təhlükə yaranıb. Bunu təsdiq edən ən təzə fakt budur ki, İsveç yanvarın 4-dən etibarən öz sərhədlərində nəzarət tətbiq etməyə hazırlaşır. İsveçə üz tutan qaçqınların Danimarka ərazisində “ilişib qalacağından” ehtiyat edən Danimarka isə cavab tədbiri kimi Almaniya ilə sərhədi bağlamaq barədə hədə-qorxu gəlir.
Fransada regional seçkilərdə sağçı-radikal “Milli cəbhə”nin uğur qazanması Avropada çoxlarını şoka salıb. Bütün Aİ üçün sağçılıq meyli təhlükəsi varmı? AFR-də populist “Almaniya üçün alternativ” partiyasının tərəfdarlarının sayı artır. İki ildən sonra bu partiya ölkə parlamentində yer tuta bilər. Finlandiya parlamentində ikinci böyük fraksiya yaratmış “Həqiqi finlər” faktiki olaraq ölkənin idarə olunmasında iştirak edirlər. Aİ-yə münasibətdə tənqidi əhval-ruhiyyəli hollandiyalı populistlər gələn il aprel ayında referendum təyin edilməsinə nail olublar. Həmin referendumda hollandların Aİ ilə Ukraynanın assosiasiyası barədə artıq imzalanmış sazişə münasibət bildirməsi təklif ediləcək.
Britaniyalılar öz ölkələrinin Aİ tərkibində qalmasını istəyib-istəmədikləri barədə 2017-ci ildən gec olmayaraq, bəlkə də artıq 2016-cı ilin yayında qərar qəbul etməli olacaqlar. Baş nazir Devid Kemeron bu suala müsbət cavab almaq üçün Avropa İttifaqı ilə münasibətlərdə islahatlar aparılmasına, İttifaq çərçivəsində Böyük Britaniyaya xüsusi status verilməsinə nail olmağa çalışır. Əgər London bu istəyinə nail olsa, zəncirvari reaksiya başlanacaq, yəni başqa ölkələr də xüsusi hüquqlar tələb etməyə başlayacaqlar.
Bütün bu problemlər fonunda Yunanıstanın büdcə çətinlikləri, onun borc böhranının aradan qaldırılmasında Beynəlxalq Valyuta Fondunun iştirak edib-etməməsi, habelə onun borclarının silinməsi ehtimalı siyasi iqtisad həvəskarlarını diskussiya mövzuları olacaq. Çoxları artıq unudub ki, yarım il bundan əvvəl Yunanıstanın avrozonada və Aİ-də qalıb-qalmaması məsələsi, necə deyərlər, tükdən asılı idi.
Problemlərin heç də tam olmayan siyahısı belədir. Onların hər biri həm Aİ üzvü olan ölkələr arasında kəskin mübahisələrə səbəb olur, həm də Avropa İttifaqının indiki şəkildə mövcudluğu üçün təhlükə mənbəyidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Tags:  sammiti Avropa liderləri Brüsselə hansı problemlərlə gəlirlər


RƏYLƏR


Top news