Helsinkidə keçirilən konfransda Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışılıb

17:38 17 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Helsinki şəhərində Avropa Şurasının “Bərabərliyin və sosial cəlbetmənin inkişaf etdirilməsində Avropa Şurası və milli insan hüquqları təsisatları, bərabərlik üzrə qurumlar və insan hüquqları müvəkkili ofislərinin rolu” mövzusunda konfransı keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı konfransda iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriliblər ki, konfransda ayrı-seçkiliklə mübarizə, nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması, insan hüquqları sahəsində maarifləndirmə, insan hüquqları üzrə qəbul olunmuş milli fəaliyyət planlarının əhəmiyyəti və milli insan hüquqları institutlarının bu istiqamətdə fəaliyyəti mövzularında müzakirələr aparılıb.
A.Səfixanlı konfransda müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib. O, Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların davam etdirildiyini, Ombudsman təsisatının uğurla fəaliyyət göstərdiyini, müvəkkilin fəaliyyətinin Konstitusiya statuslu qanunla tənzimləndiyini, Milli İnsan Hüquqları Təsisatı kimi, Paris Prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərməsi üçün istər qanunvericilikdə, istərsə də təcrübədə tam təminat verildiyini söyləyib.
Aparat rəhbəri Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyini bildirib. O, Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu, Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini, 18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə “İnsan hüquqları aylığı”nın təşkil olunduğunu qeyd edib.
A.Səfixanlı Azərbaycan ombudsmanının fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunmuş müsbət təcrübələr, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri, dövlət orqanları və vətəndaş cəmiyyəti, QHT-lərlə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri barədə iştirakçılara məlumat verib.
Ombudsmanın nümayəndəsinin konfransın iki sessiyasında etdiyi çıxışlar tədbirin rəsmi sənədləri sırasına daxil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Helsinkide_kechirilen_konfransda_Azerbaycanda_insan_huquqlarinin_mudafiesi_sahesinde_gorulen_islerden_danisilib-912130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR