Gün düşməyən Güngörməz qalası - REPORTAJ

18:09 17 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayon ərazisi qədim qəbiristanlıqlar və kurqanlarla zəngindir. APA TV-nin yerli bürosunun xəbərinə görə, ən qədim qəbiristanlıqlar rayonun Udulu adlanan ərazisindədir.

 

Burada torpaq, daş qutu - katakomba, küp qəbirlər, tunc dövrünə aid kurqanlar mövcuddur. Ərazidə Xəzər və Alan tayfa başçılarının qəbirlərinin olması bu yaşayış yerinin necə strateji əhəmiyyətə malik olduğunu göstərir.

 

Qəbiristanlıqda ilkin müsəlman dövrlərinə aid nəhəng sal qayalardan salınmış "Şəhid daşları" (sonradan dağıdılıb) mövcud olub. Orta əsrlərə aid zəngin qəbiristanlıqların olması burada yaşayışın sıx olduğunu göstərir. Xüsusilə kurqanlardan qazıntı zamanı tapılan əşyalar çox mətləblərdən xəbər verir. Buradan II əsrə aid toxucu dəzgahı, şərab küpləri, süddanlar, küplər, müxtəlif dulusçuluq materialları və silah növləri həm yüksək inkişaf etmiş sənətkarlıqdan, maldarlıq, üzümçülük və taxılçılıqdan xəbər verir.

 

“Uçuq Pir” adlanan türbə Yanıq Qubalı kəndi ilə Tava kəndi arasındakı qəbiristanlıqda yerləşir. Türbənin üç bürcündən yalnız biri salamat qalıb. Mütəxəssislərin fikrincə, türbə XIII əsrdə tikilib.

 

Udulu kəndi ərazisində unikallığı və qədimliyi ilə seçilən müdafiə istehkamı - Güngörməz qalası yerləşir. Hündür dağın zirvəsində salınmış qalanın qərb tərəfi keçilməz sıldırım qayalıqlarla əhatələnib. Tarixçilər bildirir ki, Güngörməz ulu əcdadlarımızın yaşayış yeri olub. Tarixi mənbələrə görə, bu yaşayış yeri antik dövrdən XVII əsrə qədər olan böyük bir müddəti əhatə edib. Həmin dövrdə burada yaşayan əcdadlarımız özlərini xarici müdaxilələrdən, düşmən hücumlarından qorumaq məcburiyyətində qaldıqları üçün bu qalanı inşa etməyi lazım biliblər.

 

Qala dağın ən hündür zirvəsində inşa edilib. Deyilənlərə görə, gün düşmədiyindən bu ərazi "Güngörməz" adlanıb. Qalanın ətrafı sal daşlardan hörülüb. Qala divarlarının eni 3 metrdir, daxilində isə əlavə divarlar mövcuddur. Bu divarların da aşağı hissəsi 2 cərgə nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan Güngörməz qalasının inşasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. Məhz "Güngörməz" qalası tikilərkən siklopik qala qalıqlarından da istifadə edilib.

 

Ərazidə qazıntı işləri aparılarkən küp qəbirlər, zəngin adamlara məxsus məzarlar, saxsı qablar, daş dövrünə aid müxtəlif əşyalar tapılıb. Qəbirlərdə onların işlətdikləri əşyalar, silahlar aşkar edilib. Həmin əşyalar rayonun Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

 

Kənd sakinlərinin sözlərinə görə, zəngin keçmişimizə yenidən işıq salmaq üçün bu qalanın həm tədqiq olunmasına, həm də qorunmasına böyük ehtiyac var.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR