Musiqili Teatrın yaradıcılıq studiyası ilk tamaşasını təqdim edib

Musiqili Teatrın yaradıcılıq studiyası ilk tamaşasını təqdim edib
19:03 17 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan yaradıcılıq studiyasının açılışı olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, studiyanın açılış mərasimində “Uğur və eşq” adlı konsert-tamaşa təqdim edilib.
Mərasimdə çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb. Bildirib ki, milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi qarşımızda duran ən vacib məsələlərdəndir. Biz yaradıcılıq studiyasını məhz bu məqsədlə yaratmışıq və inanırıq ki, bu studiya istedadlı gənclərimizin öz yaradıcı potensiallarını nümayiş etdirməsi üçün bir meydan olacaq.
Tədbirdə çıxış edən Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını söyləyiblər.
Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu-rejissoru gənc rejissor Tamilla Aslanova “Uğur və eşq”in onun sərbəst hazırladığı ilk böyük iş olduğunu vurğulayıb. “Burada iki gəncin həyat yolundan – sevgisindən, bu sevgi uğurundakı fədakarlığından, xoşbəxt bir ailəyə sahib olmasından bəhs olunur. Həm Gültac, həm də Hüseyn çox böyük istedada malik gənclərdir. Çalışmışıq ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə göstərdiyi etimadı doğruldaq. İnanıram ki, hazırladığımız konsert proqramı maraqla qarşılanacaq”, - deyə Tamilla Aslanova bildirib.
Qeyd edək ki, yaradıcılıq studiyasının rəhbəri Əməkdar İncəsənət Xadimi, rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilmiş müsabiqə nəticəsində seçilmiş ölkəmizin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri təmsil olunur.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqili_Teatrin_yaradiciliq_studiyasi_ilk_tamasasini_teqdim_edib-912184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR