Heyvan kəsənlər cərimələnəcəklər

Heyvan kəsənlər cərimələnəcəklər
19:12 17 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılan yerlərdən kənarda heyvanların kəsilməsinə görə cərimələr artırılır.

Milli.Az-ın məlumatına görə, report xəbər verir ki, bu, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində (İXM) əksini tapıb.

Məcəllə layihəsinin 289.0.1-ci maddəsinə əsasən, belə qanun pozuntularına yol verən fiziki şəxslər 200 manatdan 300 manatadək (hazırda 20 manatdan 25 manatadək), vəzifəli şəxslər 500 manatdan 600 manatadək (hazırda 40 manatdan 60 manatadək), hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək (hazırda 100 manatdan 150 manatadək) miqdarda cərimə ediləcəklər.

Layihənin 289.0.2-ci maddəsinə görə, heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satan və istehsal edən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək miqdarda cərimə olunacaqlar.

Eyni zamanda, məcəllə layihəsinin 289.0.3, 289.0.4-cü maddələrinə əsasən, heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə və yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə də fiziki şəxslərin 200 manatdan 300 manatadək, vəzifəli şəxslərin 500 manatdan 600 manatadək, hüquqi şəxslərin isə 1 500 manatdan 2 000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulub.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, belə qanun pozuntularına yol verən fiziki şəxslər 20 manatdan 25 manatadək, vəzifəli şəxslər 40 manatdan 60 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə olunurlar.

Qeyd edək ki, yeni hazırlanan İXM hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR