Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır
19:27 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiyanın Konsepsiya Sənədinə dair seminar keçirilib. “Report" nazirliyə istinadən xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.
Seminarda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini, “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi"nin idarəetmə qrupunun direktoru Sahil Babayev qeyd eedib ki, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması, bərk məişət tullantılarının idarə edilməsinin müasirləşdirilməsi və yenidənqurulması ölkəmizdə prioritet istiqamətlərdəndir: “Bakıda məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi barədə Prezidentin Sərəncamına uyğun olaraq, paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə “Təmiz Şəhər” ASC yaradılıb, Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodları istifadəyə verilib. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılır”.
Onun sözlərinə görə, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb: “Paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz olunub. Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, həmçinin Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanmasına başlanılıb. Bu məqsədlə işə beynəlxalq məsləhətçi şirkətlərin konsorsimu cəlb edilib”.
S.Babayev bildirib ki, toplanan məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və s. islahatlara dair seçim, inkişaf ssenarilərini özündə əks etdirən Konsepsiya Sənədinin layihəsini hazırlayıb: “Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Konsepsiya Sənədinin əsasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcək”.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko Bank və Azərbaycan arasında əməkdaşlığın çoxşaxəli olduğunu və bir sıra sahələri əhatə etməklə uğurla davam etdirildiyini deyib.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə çıxışında qurumun fəaliyyəti, Bakıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər barədə məlumat verib.
Daha sonra Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi sahəsindəki mövcud vəziyyətə və qarşıya qoyulan hədəflərə, Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın məqsədlərinə və Konsepsiya Sənədinə dair təqdimatlar keçirilib.
Tədbirdə aidiyyəti qurumlar Konsepsiya Sənədinin layihəsinə dair rəy və təkliflərini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://report.az/ask/berk-meiset-tullantilarinin-idareciliyine-dair-milli-strategiya-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR