​SKMF Qobustanda sahibkarlara güzəştli kreditlər verib

​SKMF Qobustanda sahibkarlara güzəştli kreditlər verib
20:52 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) dekabrın 17-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qobustan rayonunun Çuxanlı kəndində keçirib.
“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. Qobustanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, onların investisiya layihələri maliyyələşdirilib.
SKMF-nun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bugünədək (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) Qobustan rayonundan olan 335 sahibkarlara 5,1 mln. manat güzəştli kredit verilib: “Ümumilikdə, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1742 investisiya layihəsinin maliyyələşdirilməsinə 63,7 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Eyni zamanda 5600-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.
Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib. Forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bununla belə, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forum çərçivəsində Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 55 sahibkara 580 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qobustanda dövlətin güzəştli krediti ayrılan arıçılıq təsərrüfatlarına baxış keçirilib.
Qeyd edək ki, indiyədək arıçılığın inkişafı ilə bağlı 340-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 4,3 mln. manat güzəştli kredit verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/skmf-qobustanda-sahibkarlara-guzestli-kreditler-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR