Nə deyirsiniz-deyin, biz yaşamağı bacarmırıq

Nə deyirsiniz-deyin, biz yaşamağı bacarmırıq
21:12 17 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"yə baxıram. Yarışmada iştirak edən 36 yaşlı qadından verilişə gəlməyinin səbəbini soruşurlar. Deyir, səbəb həyatıma rəng qatmaq, yenilik gətirməkdir. Sonra əlavə edir ki, qalib olmasam belə, bu, mənim üçün, gələcəkdə qızlarıma danışmaq üçün gözəl xatirə olacaq. Bütün bunları deyərkən qadının üzü, içi gülür, müsabiqəyə həyat yoldaşının təkidi ilə gəldiyini deyir.

Bir anlıq ətrafımdakı qadınları, kişiləri, ailələri düşündüm, məni qara basdı elə bil. Bizdə bunu əksəriyyətə xoş bir əhvalat kimi danışsan, deyəcəklər ki, arvadın yarışda nə işi? Nə mahnı oxumaq, getsin bozbaşını bişirsin... Ya da elə qadınların özü bunu izləsə, həmin xanımı qınayan da olacaq, söyən də, tənə edən də. Halbuki, onun yerində olmağı, ən azından elə içdən gülməyi, ürəkdən oxumağı çoxu arzulayır. Ancaq yaşadıqları həyatmı, ərə getdikləri adammı, düçar olduqları adət-ənənəmi onların bütün arzularını içində boğur, etiraf eləməyə belə imkan vermir. Nəticədə səhərdən-axaşama yemək bişirib-düşürür, paltar yuyur, ev süpürür, seriala baxır, qonşuyla qeybət eləyir, tum çırtlayır, küçədə uşaq döyür, metroda, avtobusda yer üstündə davaya qalxır, hirsini ətrafındakı günahsız adamların üstünə tökməkdən çəkinmir. Bütün bunlar ayıb sayılmır, amma istədiyin kimi yaşamaq, tabulara boyun əyməmək, mahnı oxumaq ayıb sayılır. Niyə axı?

Bizdə belə bir qayda var. 16 yaşında da, 26 yaşında da ərə getsən, artıq həyatın əlindən çıxmış sayılır. Bu qaydanı qoyanların dili ilə desək, ipin başqasının əlində olur. Hansı qızın hünəridir ki, ərə gedəndən sonra təhsil almaq eşqinə düşsün, hər hansı peşə kursuna, yaxud rəssamlıq, musiqi dərnəyinə yazılsın? Lap elə kişilər olsun. Ətrafınızda belə həyat dolu, vaxtından əvvəl qocalmamış, həyatın, yaşının üstünə-üstünə gedən neçə kişi tanıyırsınız? Ailə başçısının evə çörək gətirməkdən başqa bir işi, əyləncəsi olmamalıdırmı?

Vallah məni qınamayın, hərdən parkda, əyləncə mərkəzlərində orta nəsildən olan ailə görəndə elə sevinirəm ki. Hərdən də insanlarımıza elə yazığım gəlir ki... Nə deyirsiniz-deyin, biz yaşamağı bacarmırıq. Yaşamaq işləməkdən, yeməkdən, ayda bir dəfə deyinə-deyinə toya getməkdən ibarət deyil!

***

Bu yaxınlarda nevropotoloqa müraciət etdik. O da bizə əvvəlcə ümumi müayinədən keçməyi məsləhət bildi. Nəticədə müalicə yazacaqdı. Müayinədən keçdik, çıxan problemlərə göz atıb fikirləşdik ki, həkim çoxlu sayda iynə-dərman yazacaq. Amma o, bircə dərman belə yazmadı. Sadəcə, gəzməyi, idman eləməyi, qaçmağı, bacardıqca gərginlikdən uzaq durmağı, müxtəlif əyləncələr tapmağı tapşırdı. Deyir, səhərdən-axşama kompüterin arxasında oturursunuz, orqanizm yığılan enerjini sərf edə bilmir. Bu da canınızda ağrı, gərginlik yaradır, aqressiv olursunuz. Biz isə az qala yalvaracaqdıq ki, ay həkim, bu nədi, siz Allah bir-iki dərman yazın, canımız qurtarsın. Hətta həyat yoldaşım zarafatla dedi ki, bizdə kimsə səhər durub qaçmağa gedəndə elə bilirlər kefindən qaçır. Biz isə xoşbəxt, qayğısız görünmək istəmirik.

Fikir vermisinizsə, nə dövrə, zəmanəyə gəlib çıxmışıqsa, hamı ağlayır. Kimə desən nə qəşəng maşının var, bir yumub beş tökəcək ki, bəs məcbur olub kreditlə aldım, borcun içində üzürəm. Kimə desən ki, deyəsən, səyahətə getmişdin, deyəcək ki, vallah, müalicəyə getmişdim, ölürəm, ağlayanım yoxdu. Halbuki, bunlar gözəl şeylərdir, haqqınızdı, haqqımızdı. Ancaq olan da, olmayan da özünü yoxsul, səfil, xəstə göstərmək üçün əlindən gələni əsirgəmir. O qədər adam var, işləyir, işləyir, qazandığı pulu xərcləmir ki, birdən gözə-nəzərə gələr, birdən kimsə qapısına borca gələr. Ömür isə gedir... 
Ona görə də yaşamaqdan qorxmayın. Pulunuzu rəngli geyimlərə, gəzməklərə, arzularınızı gerçəkləşdirməyə xərcləyin. Enerjinizi də oxuyub-oynamağa, gəzməyə, deyib-gülməyə... Vallah, bu, küçədə, avtobusda adamlara cummaqdan, qaşqabaq tökməkdən daha yaxşıdı!

Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR