“İRS” jurnalı Vyetnam dilində nəşrə başlayıb

“İRS” jurnalı Vyetnam dilində nəşrə başlayıb
11:23 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Hanoy, 18 dekabr, AZƏRTAC
Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalı daha bir dildə - Vyetnam dilində nəşr olunmağa başlayıb. Vyetnamın Milli Tarix Muzeyində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə “İRS” jurnalının Vyetnam dilində ilk buraxılışının təqdimat mərasimi və “Azərbaycanın irsi” adlı fotosərgi keçirilib.
Tədbirdə Vyetnam Kommunist Partiyasının (VKP), Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoydakı diplomatik korpusun nümayəndələri, tələbələr və gənc tədqiqatçılar, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları və yerli jurnalistlər iştirak ediblər.
Səfir Anar İmanov XX əsrin ikinci yarısında Azərbaycan və Vyetnam xalqları arasında dostluq əlaqələrinin qurulduğunu və möhkəmləndiyini bildirib. O, hazırda bu dostluq münasibətlərinin davam etdirilməsi üçün hər iki ölkənin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri barədə informasiya mübadiləsinin böyük önəm kəsb etdiyini vurğulayıb. Bu istiqamətdə “İRS” jurnalının Vyetnam dilində nəşrə başlamasının böyük əhəmiyyət daşıdığını qeyd edən A.İmanov jurnalın xüsusilə də yeni nəsil vyetnamlıların ölkəmiz haqqında daha geniş məlumat əldə etməsi üçün çox faydalı vəsait olduğunu bildirib.
Qeyd edilib ki, ilk buraxılışda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Vyetnamın Prezident Ofisinin xarici əlaqələr departamentinin direktoru Nquyen Vu Ha Lenin, VKP-nin xarici əlaqələr komissiyasının direktoru Xonaq Bin Kuanın, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nqiem Vu Xayın iki ölkə arasında münasibətlərdən bəhs edən məqalələri dərc olunub.
“İRS”in baş redaktoru Musa Mərcanlı jurnalın yaranma tarixi haqqında məlumat verərək bildirib ki, 15 illik müddətdə bu jurnal 13 dildə işıq üzü görüb. Vyetnam dili isə jurnalın nəşr olunduğu 14-cü dildir. Baş redaktor deyib ki, jurnalın əsas məqsədi Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında məlumatları müxtəlif xalqlara onların öz dillərində çatdırmaqdır.
Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nqiem Vu Xay Azərbaycan haqqında geniş məlumatları özündə əks etdirən “İRS” jurnalının Vyetnam dilində nəşrinin ölkə ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğulayıb. O, jurnalda dərc olunan məqaləsində Azərbaycanda təhsil aldığı illərlə bağlı xatirələrindən, Azərbaycan xalqının qonaqpərvərliyindən, adət-ənənələrindən, Vyetnam xalqına olan dost münasibətindən bəhs etdiyini bildirib.
Nqiem Vu Xay rəhbərlik etdiyi təşkilatın “İRS” jurnalının Vyetnam dilində nəşrinə hər cür dəstək verməyə hazır olduğunu deyib.
Sonra tədbir iştirakçıları Azərbaycanın tarixi abidələrini, musiqi alətlərini, qədim zinət əşyalarını özündə əks etdirən “Azərbaycanın irsi” fotosərgisi ilə tanış olublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IRS_jurnali_Vyetnam_dilinde_nesre_baslayib-912299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR