Metroda konsert olacaq

Metroda konsert olacaq
13:12 18 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteni dünya şöhrətli bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək məqsədilə metronun stansiyalarında təşkil edilən mini-konsert proqramlarını davam etdirəcək.

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayev qeyd edib ki, bu layihəyə dekabr ayının əvvəlindən başlanılıb: "Xəzər dənizində "Günəşli" yatağında baş vermiş qəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq ötən həftə bu məsələyə fasilə verdik. Amma dekabrın sonunadək hər həftənin cümə günləri  "28 May", şənbə günləri isə "İçərişəhər" stansiyalarında sərnişinlərə yalnız Üzeyir Hacıbəyovun bəstələrindən ibarət canlı musiqi nümunələri təqdim olunacaq".
 

Xatırladaq ki, iki həftə öncə, dekabrın 4-də "28 May" stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərin ifası qarşılayıb. Milli Konservatoriyanın məzunlarından ibarət simli kvartet dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət milli musiqi üçlüyü isə Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarını ifa ediblər.
 

Layihənin əsas məqsədi dahi bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etməkdir.

Qeyd edək ki, Bakı Metropoliteni Yeni il bayramı ərəfəsində xoş sürpriz edəcəyini də vəd edib.

İlkin İzzət

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR