Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İt günündə xəbər

İt günündə xəbər

Date: 18 December 2015 13:14

Əvvəlcə qalmaqalla gündəmə gəlirlər, xəbər olurlar. Sonra üstünə “18+” şəkillər gəlir, bu dəfə də yayımlanırlar. Bir az keçir, həmkarlardan biriylə yaxşı bir dava, mətbuat yenə də geninə-boluna işıqlandırır. O da az oldu, qeyri-məşru əlaqələr, evlidirsə xəyanət iddiaları, “ Şok! Şok! Şok!  Filankəs – filankəslə birlikdə oldu” xəbərləri – bu dəfə də media canı dildən tirajlayır. Bu arada məşhur olublar axı, toy qiymətlərini qaldırırlar, bahalı toylarda “bahalı” adamların stollarına dəvət alırlar. Dostluqlar, əlaqələr qurulur. Bir də görürsən, fəxri ad aldılar. Əməkdar oldular, dayanmadılar, durmadılar, bir-iki manevr də edib xalq artisti oldular. Və bir gün, dövlət idarəsiymiş kimi saxladıqları “mətbuat xidmətləri”, press-relizdi, nədi ondan yayır: “ Gözünüz aydın, itimizin küçüyü olub. Ailəmiz böyüyüb!”
 

Hə buyurun. Niyə vermirsiz? Nədir bu etirazın səbəbi? Xəbəri it gününə qoyanda , bir gün itin küçükləməsinin sizə xəbər kimi sırınacağını gözləməliydiniz axı. Həm də, indiyə qədər bu adamlar haqda verdikləriniz, bundan çoxmu səviyyəli xəbər idi? Son zamanlar Azərbaycan musiqisinin ən böyük uğuru “O səs Türkiyə” də dörd münsifi birdən  “döndərmək” deyilmi? Hər gün bu barədə elə məhz sizin saytlarda oxumuruqmu?  Qalmaqal xəbərləri ilə məşhur olan adamlardan təmsil etdiyi sahədə, başqa hansı uğur, hansı böyük hadisə gözləmək olar ki?
 

Bəli, mənim xəbərdən, xəbərçilikdən, lap elə jurnalistikadan bildiyim yoxdur. Köşə yazmağa da “feysbuk”dan gəlmiş adamam, indi durub sizə ağıl öyrədirəm, düz deyirsiniz. Xəbər haqda bildiyim bir-iki söz var, tərslikdən birincisi elə itlə bağlıdır. “İt adamı qapırsa, bu xəbər deyil. Xəbər odur ki, adam iti qapsın” . Yenə it... Yaxşı, əgər doğrudan da belədirsə, niyə biz illərdir sizin manşetlərinizdə, xəbər lentlərinizdə  “itləşənləri”, bir-birini “itdən alıb itə verənləri”,  bir-birinin qazandığı ən kiçik uğura (toy tutmağa) qısqanıb “ it aparan olsun” deyənləri görürük.  İt bir məşhurun dizdən yuxarısını qapdısa, xəbər edirsiz axı. İt oranı qapanda naməhrəm yerlər görünüb deyə, hələ bir qoyduğunuz xəbərə o məşhurun bütün çılpaq şəkillərini əlavə etmirsinizmi? Di hə dəə....
 

İkincini deyim, xəbər, samanlıqda yanğın kimidir. Yəni üfləmək lazımdır ki, qızışsın, lap yaxşı. Samanlıqda deyildi, o boyda platforma yanırdı. Azərbaycan mətbuatından, birimiz bir xəbər öyrənə bildikmi? Bütün nəfəsinizi şou məşhurların yubkalarını “üfləyib qaldırmağa” xərcləyəndə, bu cür ciddi və taleyüklü məsələlərdə nəfəsiniz çatmayacağını bilmirdinizmi?  Hanı sizin “adının çəkilməsini istəməyən “ mənbələriniz ? Hanı sizin qurumlardakı mətbuat xidmətindən kənar əlaqələriniz? Əgər bu mümkün deyildisə, bir xanım hüquq müdafiəçisi necə edirdi bütün bunları sizdən əvəz? 

 

Qardaş Türkiyədə (onsuz da bütün məsələlərdə müqayisə üçün oranı seçirik, bu dəfə də elə olsun)  xəbərin konkret düsturu var. 5N1K ! (Eyni adda televiziya proqramı da var) Bu düstur 6 sualın baş hərfinin birləşməsidir. Nə? Nə zaman? Nə üçün? Harada? Necə? Kim?  Bu qısaca o deməkdir ki, bir şeyin xəbər adını alması üçün bu düsturdakı sualların hamısı cavablandırılmalıdır . Əks təqdirdə , ya xəbər sayılmır, ya da yarımçıq xəbər sayılır ki, ciddiyəti bütün suallar cavablanana kimi sual altında qalır. Əlbəttə, əyləncə xarakterli xəbərlər, şou biznes adamlarının həyatı dünyanın hər yerində xəbərdir. Amma bu cür xəbərlər, uyğun bölmələrdə yerləşdirilir. Aldadıcı başlıqlardan istifadə olunmur. Konkret deyilir ki, bax, filankəsin iti filankəsin itindən küçük dünyaya gətirib tipli xəbərlər bu bölümdədi, istəyən açsın, oxusun, istəməyən də ciddi xəbər bölümlərinə “tıklasın”
 

Qaldı ki, xəbər bolluğundayıq şükür. Məsələn, əvvəllər valyutaların kursunun neçə olduğunu, sadə adamlar əllərinə düşmüş dolları xırdalamaq üçün, “obmenni” lərə girəndə maraqlanardılar. İndi isə varlı, kasıb, yuxudan duran kimi ilk iş olaraq, saytlara girib “ valyuta kursu” xəbərlərinə baş çəkir. Yaşadığımız “qara fevral şənbəsi”ndən sonra, dolların kursu, milli komandanın dünya çempionatındakı futbol oyunu kimi bir şey olub, hamı onunla yatır, onunla durur. Sora da ki, dünya, aləm, Putin, Türkiyə, Suriya, lap elə bizim özümüz... İndi xəbərdən çox nə var ki? 
    Doğrudan e, bəlkə elə bu bolluğa görə, o artistin itinin doğması xəbərini verən olmadı. Yoxsa buraxılası xəbər deyildi axı. Bu boyda camaat hələ də bilmir ki, o doğulan küçük dişi idi, yoxsa erkək. Belə olmaz axı...

 


Tags:  günündə xəbər

RƏYLƏR


Top news