Nəqliyyat naziri Xızıda vətəndaşlarla görüşüb

Nəqliyyat naziri Xızıda vətəndaşlarla görüşüb
13:17 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov dekabrın 18-də Xızıda vətəndaş qəbulu keçirib. “Report” “Azəryolservis” ASC-yə istinadən bildirir ki, nazir Abşeron, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət, şikayət və təkliflərini dinləyib.
Müraciətlər əsasən, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 26-cı km-də piyada keçidinin inşası, Abşeronun Hökməli kəndində 2 km uzunluğunda avtomobil yolunda cari təmir işlərinin aparılması, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 56-cı km-dən ayrılan və Yeni Yaşma kəndinə aparan yolun əsaslı təmiri, Xızının Giləzi qəsəbəsində, Abşeronun Masazır qəsəbəsində yeni salınan və 3 min nəfərin yaşadığı yaşayış massivindən Xırdalan şəhərinə birbaşa marşrut xəttinin açılması və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı bir sıra məsələlər həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/neqliyyat-naziri-xizida-vetendaslarla-gorusub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR