"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
13:17 18 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Xəzərətrafı bölgədə yeni üç dövlətin yaranması NATO, ABŞ və Aİ-in Şərqə doğru addımını genişləndirməyə səbəb oldu, bu əraziyə "giriş-çıxışı" bir qədər asanlaşdırdı. Beynəlxalq güclərin daima hədəfində olan İranla Rusiya daha tez dil tapa bilirdi. İndi isə dünyəvi inkişaf xətti götürən, Avropaya doğru (Qazaxıstan və Azərbaycan) inteqrasiya səmti alan daha bir neçə dövlətlə razılığa (ola bilər ki, razılığa gəlməsinlər də) gəlmək ucbatından, ya xoşla, ya zorla, danışıqlar aparmaq çətinlik yaratdığından davakar əhval-ruhiyyəsi boşuna deyildi. Odur ki, mütəxəssislərin fikirlərinə görə Rusiya dövlətinin Xəzərin statusuna münasibətdə 3 mərhələni qeyd edirlər:

Birinci mərhələ 1992-1995-ci illəri əhatə edir. Bu mərhələ əsasən "Rusiyanın öz geosiyasi maraqlarını xarici ölkənin ərazisində" axtarması kimi xarakterizə edirlər. Hətta bu dövrdə Rusiyanın aqressivliyi regionda lokal münaqişənin yaranmasına səbəb olacaqdı. Nəzərə alaq ki, məhz bu mərhələdə yeni yaranmış hər üç dövlətin (Qazaxıstan, Türkmənistan və Azərbaycan. Sonuncu 1991-ci ildə qəbul etdiyi qərar əsasən özünü 1918-20-i illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdi.) beynəlxalq səviyyədə transmilli layihələrə qoşulmaq dövrü idi. Məsələn, əsrin ən böyük layihəsi hesab edilən Bakı-Ceyhan 20 sentyabr 1994-cü ildə Bakıda, Gülüstan sarayında imzalanmışdı.

Rusiya isə belə transmilli layihələri əngəlləmək üçün ortalığa, faktiki olaraq süni manelər yaradan tələblər irəli sürürdü. O milli sektorları bəlli olan sahilyanı ölkələri "Status oyunlarına" qataraq iddia edirdi ki, onun iradəsindən xaricində həyata keçirilən layihə qanunsuz elan olunacaq. İddia ilə yanaşı, hətta bəzi dairələr tərəfindən iddia olunurdu ki, Xəzərdə gerçəkləşəcək iqtisadi layihələr Moskva və Tehranla razılaşdırılmalıdır. Bəlkə bu iddiaya "geosiyasi absurd" adını da qoymaq olardı. Əgər bu iddia gerçəkləşsəydi Xəzərdə hər üç dövlətin fəaliyyətinin sıfıra düşməsi şübhəsiz olardı. Amma, bu mərhələ, elə mərhələ olaraq qaldı. Bu dövrdə Azərbaycan dövlətinin də mövqeyi diqqətəlayiq hal kimi qiymətləndirilir. Müəllif yazır ki, tədqiqatçılar bu mərhələdə Azərbaycanın Xəzərdəki fəaliyyəti ilə bağlı Rusiya XİN-nin BMT-yə nota göndərməsini, onu beynəlxalq hüquq normalalrını pozmaqda günahlandırılmasını, Xəzərdə həyata keçirilən layihələri tanımayacağı haqqında bəyanatlar səsləndirməsini və s. heç bir beynəlxalq gücə malik olmadığını, əsasən xarici tərəfdaşları Azərbaycanla birgə fəaliyyətdən çəkindirmək məqsədi güddüyünü qeyd edirdilər.

O dövr Azərbaycan  üçün çox ağır mərhələ idi. Rusiya təkcə nota verməklə kifayətlənmir, həm də daxildən beynəlxalq şirkətləri transmilli layihələrdən çəkindirmək üçün  qarşıdurma yaratmağa səy göstərirdi. Eyni zamanda stabilliyi olmayan ölkə imici yaratmaq üçün Dağlıq Qarabağ ətrafında onun (bəzən də İranın siyasi və iqtisadi köməyi nəticəsində) hərbi dəstəyi ilə rayonlar işğal edildi. Surət Hüseynov dövlət çevrilişi etdi, etnik separatizm baş qaldırdı. Ən məşhur elm və siyasi xadimlərimiz qapılarının ağzında güllələndilər. Cavadovlar qardaşları çevriliş etmək həvəsində oldular. İqtisadiyyat zəiflənmiş hala gətirildi. Dövlətin 20% torpaqları işğal olundu. Ölkə rəhbərliyi bir milyon qaçqınla üz-üzə qaldı. Bütün bu prosesləri canlı yaşayan bu sətirlərin müəllifi kimi deyə bilərəm ki, o dövrdə mərhum prezident Heydər Əliyevin nüfuzu və titanik fəaliyyəti Azərbaycanı bir neçə yerə parçalamaqdan xilas etdi  və sonda bu mərhələni qarşısına qoyduğu vəzifələri həyata keçirməklə başa vurdu.

Birinci mərhələdən fərqli olaraq, ikinci mərhələni (1995-1997) "yumşaq" mərhələ də adlandırmaq olar. Əli Həsənov bu mərhələni "paraqmatik yanaşma" dövrü kimi xarakterizə edir. O yazır: "Bu mərhələdə Rusiya Xəzərin statusu ilə bağlı diplomatik hücum və hərbi güc çağırışlarından imtina edir, siyasi və iqtisadi yollarla hadisələrin gedişinə təsir göstərməyə çalışır. İkinci mərhələni həm də şərti olaraq rus politoloqları "ilkin kompromis" dövrü adlandırırlar. Bu mərhələdə sahilyanı ölkələrlə ziddiyyətlərin getdikcə artdığını anlayan Moskva 1996-cı ildə öz barışmaz mövqeyindən tədricən əl çəkərək yeni "barışdırıcı" ideyalarla çıxış etməyə başlayır. Həmin ildə Rusiya hökuməti bu ölkənin Xarici İşlər Nazirliyindəki bəzi dairələrdən fərqli olaraq sektor məsələsində Azərbaycanın haqlı olduğunu etiraf edərək, o zamankı baş nazir V. Çernomirdinin dili ilə Xəzərdə həyata keçirilən enerji layihələrinin qanuni olduğunu bəyan edir". (Bax. s. 574)

Bax belə: Rusiya artıq geri çəkilsə də, bunu tam geri çəkilmək kimi qələmə vermək olmaz. Əslində nə baş verirdi? Bu dövrdə Rusiya dairələrində iki əsas fikir mövcud idi. Birinci fikrin tərəfdarları Xəzərətrafı dövlətlərə təzyiq və təhdid etmək gücü ilə istənilən ideyanı hər üç dövlətlə "məsələni razılaşdırmaq" prinsipinə üstünlük verirdilər.   Təzyiq və təhdid deyəndə bura siyasi, iqtisadi şantaj, hərbi güc tətbiq etmək, ölkələr daxilində qarşıdurmalar yaratmaq, onları xaosa sürükləmək, əhali arasında belə bir rəy "Rusiya olmasa hər şey dağılıb gedəcək, vətəndaş müharibəsi hər evdən keçəcək" fikri yaradılacaq və s. ibarətdir.

İkinci fikir tərəfdarları isə belə fikir irəli sürürdülər ki, təzyiq, şantaj, hərbi gücü istisna etmək, hər üç dövlətlə bərabər səviyyədə, qarşılıqlı-faydalı maraqları nəzərə almaqla iqtisadi əməkdaşlığa üstünlük vermək. Bu fikrin tərəfdarları belə hesab edirlər ki, Rusiyanın zəngin iqtisadi və maliyyə üstünlüyü son nəticədə hər üç dövləti özünün asılılığına gətirib çıxardacaq. Bu mərhələdə İdrak qalib gəldi və rəsmi Moskva dairələrində  ikinci fikrin tərəfdarları üstünlük qazandılar. İnsafən demək və qeyd etmək lazımdır ki, bu mərhələdə də Heyrdər Əliyevin danılmaz rolunu xüsusilə vurğulamaq gərəkdir.

Əslində, Rusiyanın ikinci yolu seçməsi beynəlxalq aləmdə aparılan geosiyasi, geoiqtisadi maraqların yeni qaydaları ilə razılaşması anlamına da gələ bilər. Belə ki, Azərbaycanın regionda nüfuzunun artması, onun bu məkanda regional oyunçuya çevirilməsi, dövlətimizin müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığı və tədricən Avropaya inteqrasiya olunması Rusiyanı birinci mərhələdəki mövqeyindən çəkindərməyə məcbur etdi.

"Toxum tarlaya səpilmişdi və onun göyərməsini və bəhrəsini gözləmək lazım idi".

1998-ci ildən başlayan üçüncü mərhələ özünü nəticələrlə çox gözlətmir. Mütəxəssislər bu dövrü "konstruktiv yanaşma" adlandırırlar. Bu dövrdə Rusiya faktiki olaraq Azərbaycan tərəfinin reallaşdırdığı layihələri rəsmi şəkildə tanıyır və pay almaq üçün qarşılıqlı-faydalı əməkdaşlığa üstünlük verir.

1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezidentlərinin Xəzərin statusu ilə bağlı qəbul etdikləri "Birgə Bəyanat" iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəlindikdən sonra, Rusiya ilə Azərbaycan arasında danışıqlar başlayır. Nəticə olaraq, Rusiya prezidenti V. Putinin 8-9 yanvar 2001-ci ildə Azərbaycana rəsmi dövlət çərçivəsində Azərbaycan prezidenti Heydər Əliyevlə "Xəzər dənizində birgə fəaliyyət" haqqında bəyanat imzalandı. Xəzərin statusunda son anlaşma və razılığa gəlinmə 2003-cü il 14 may Astana şəhərində baş tutdu. Azərbaycan, Rusiya, Qazaxıstan arasında, Türkmənistan və İranın mövqeyindən fərqli olaraq "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalandı.

Ardı var

Yunus Oğuz

Olaylar.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR