ABŞ konqresmeni tərəfindən təqdim olunan sənəd layihəsinə Milli Məclisdə etiraz bildirilib

13:58 18 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Azərbaycanla bağlı təqdim etdiyi qərəzli sənəd layihəsinə dekabrın 18-də Milli Məclisin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar tərəfindən etiraz bildirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bəzi kütləvi informasiya vasitələrində bu məsələnin şişirdilməsinin düzgün olmadığını deyib. Sədr Kris Smitin adi bir konqresmen olduğunu, bu layihənin Konqresdən keçməyəcəyini bildirib. O, ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostlarının olduğunu vurğulayıb. Oqtay Əsədov K.Smitin erməni lobbisinin təsiri altında olduğunu diqqətə çatdırıb. Sədr deyib ki, erməni diasporunun radikal rəhbərlərindən biri Aram Hamparyan Twitter səhifəsində K.Smitlə Konqresdə çəkdirdiyi şəkli yerləşdirib və yazıb ki, onun işini dəstəkləmək üçün bu görüşü keçirir. Bu, əslində K.Smitin kim olduğunu açıq-aydın göstərir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Azərbaycanda hər ilin sonunda Prezident tərəfindən əfv fərmanı imzalanır. K.Smit belə bir qanun layihəsi ilə çıxış etməklə ölkəmizi təxribata çəkmək istəyir. Dekabrın 16-da K.Smit çıxışında deyib ki, bu gün Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu, göstərir ki, onun təqdim etdiyi qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Lakin onu da bilmək lazımdır ki, bu, yalnız bir qrup şəxsin mövqeyidir.
Çıxış edən digər deputatlar da bu layihənin antiazərbaycan xarakteri daşıdığını və qəbuledilməz olduğunu bildiriblər. Qeyd edilib ki, bu layihənin ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur. Əslində belə bir qanun layihəsi Ermənistanla bağlı hazırlanmalıdır. Çünki Ermənistanda insan haqları mütəmadi olaraq pozulur. Bu gün Ermənistana rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırımı aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_konqresmeni_terefinden_teqdim_olunan_sened_layihesine_Milli_Meclisde_etiraz_bildirilib-912366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR