Nardaranda 6 nəfər saxlanıldı

Nardaranda 6 nəfər saxlanıldı
14:01 18 Dekabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaranda aparılan əməliyyat nəticəsində saxlanılanlar var.

Bu barədə ANS PRESS-ə Nardaran ağsaqqallar şurasının sədri Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində dünən 5 nəfər, bu gün isə 1 nəfər saxlanılıb:

"Dünən saxlanılan şəxslərdən birinə inzibati qaydada həbs cəzası veriblər. Qalan şəxslər isə dindirildikdən sonra sərbəst buraxılıb. Noyabr ayının 26-da kəndin girişində qurulan postlar hələ də yığışdırılmayıb. Kəndə girib çıxanlar ciddi şəkildə yoxlanılır. Kənddəki əməliyyatlar kişi polislər tərəfindən həyata keçirilir. Hansısa evdə əməliyyat başlamazdan əvvəl evdə olan insanlar çölə çıxarılır, bir nəfər qonşu və bələdiyyə nümayəndəsinin də iştirakı ilə evdə axtarış aparılır. Əməliyyat polis əməkdaşları tərəfindən videolentə alınır" -deyə N. Kərimov bildirdi.


Natiq Kərimov- Nardaran ağsaqqallar şurasının sədri


Məsələ ilə Daxili işlər Nazirliyinin mətbuat xidməti şərh etmək istəmədi.

Nardaranda noyabr ayının 26-da atışma olub. Hadisə zamanı 2 polis əməkdaşı və 5 yerli sakin dünyasını dəyişib. Dekabr ayının 1-i səhər saatlarında da Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

Dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərib.


Nardaranda polis postu

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.


Əməliyyat baş verən gün

Natiq Kərimov da dekabr ayının 9-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılan şura sədri Nardaran hadisələrinə görə dindirildikdən sonra sərbəst buraxılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR