Nazirlik: "İki quyuda yanğın söndürülüb, neft dağılmayıb"

Nazirlik: "İki quyuda yanğın söndürülüb, neft dağılmayıb"
14:37 18 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı 10-cu özüldə baş verən yanğının ətraf mühitə təsiri ilə əlaqədar aparılan təhlillər onu göstərib ki, Xəzər dənizində neft çirklənməsi yoxdur.

Trend-in məlumatına görə, bunu hazırda 10-cu özüldə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov nazirliyin bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərlə qurulan canlı bağlantı zamanı deyib.

M.Qəmbərov qeyd edib ki, ETSN-in mütəxəssislər qrupu hazırda 10 saylı dərin özülün ətrafında müşahidələr aparırlar: "Hər hansı ekoloji çirklənmə olarsa, bu barədə məlumat veririk. Müxtəlif informasiya agentlikləri bu gün müəyyən ajiotaj yaradaraq mövcud vəziyyəti şişirdirlər".

M.Qəmbərov qeyd edib ki, 10 saylı dərin özüllərdə 28 işlək quyu olub. 21 quyu qaz-neft üsulu ilə işləyib. Nazirlik rəsmisinin sözlərinə görə, quyular fantan üsulu ilə işləsəydi, onun ekoloji fəsadı ola bilərdi: "Yanan da qaz quyuları olub. Bu gün atmosferimiz müəyyən çirklənməyə məruz qalır, amma dənizə neft dağılmayıb. Çünki neft sızması mümkün deyil. Təhlillər göstərir ki, burada neft çirklənməsi yoxdur".

ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova məlumat verib ki, artıq iki qaz quyusunda yanğın söndürülüb, 1 quyuda söndürülmək üzrədir: "Bu gün yanan 4 qaz quyusudur. Yanan qaz olub, yanma prosesində karbohidrogenlərin hamısı yanmaya məruz qalır. Hələ ki, neft axıntısı yoxdur. Amma 10 gün sonrakı günlər üçün heç kim sığortalanmayıb. Bu gün üçün dəniz faunası üçün bir problem yoxdur. Vizual müşahidələr hər gün aparılır".

M.Avazova qeyd edib ki, neftlə çirklənmə sovet dövründə daha çox olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR