Yeni rəhbər DANIŞDI: "Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq"

Yeni rəhbər DANIŞDI: "Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq"
15:57 18 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatlar nazirlikdə aşkara çıxarılan qüsurlar tam aradan qaldırılanadək davam etdiriləcək.

Milli.Az xəbər verir ki, bunu yeni təyin olunan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə Trend-ə açıqlamasında bildirib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində son vaxtlar aparılan kadr dəyişiklikləri və islahatlar diqqət mərkəzindədir. Baş Prokurorluqda aparılan ilkin istintaq zamanı nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi, vəzifədən sui-istifadə kimi ciddi nöqsanlar, maliyyə yeyintilərinin olduğu üzə çıxarılıb. Nazir Əli Abbasovla yanaşı, nazirliyin bir sıra struktur bölmə rəhbərləri işdən uzaqlaşdırılıblar.

Trend-in məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş ofisində idarənin fəaliyyəti ilə tanış olub və işdəki nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Ötən gün isə "Azərpoçt" MMC-də nazirlik tərəfindən gözlənilməz reyd keçirilmişdi. Verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə qurumun fəaliyyətini yoxlamaq məqsədilə heç bir xəbər vermədən iş saatında "Azərpoçt"a baş çəkib və yerində bir sıra məsələlər üzrə yoxlamalar aparılmışdı.

Trend-ə açıqlamasında Ramin Quluzadə hazırda nazirlikdə bütün sahələr üzrə ciddi araşdırmalar aparıldığını deyib: "Nazirlikdə yeni struktur dəyişiklikləri edilir. Aparılan islahatlar nəticəsində qeyri-peşəkarlar və nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq və yeni kadrlarla əvəz olunacaq. Hazırda yeni struktur dəyişiklikləri ilə bağlı nazirliyin bölmələrinə müvafiq tapşırıqlar verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər bir əməkdaşı ölkə vətəndaşlarına və Azərbaycan Respublikasının Prezidentinə xidmət etməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR